“Balaca həyətin həngamələri” silsiləsindən

Kimsə çox-çox yuxarılardan baxsaydı görərdi ki, bu balaca həyət göylərə qanad açıb uçmağa can atan ağappaq quşa bənzəyir. Xüsusilə də, baharın ilk çağında. Həyətin o biri başında quyunun ağzına qədər gedən cığırın hər iki tərəfinə səf-səf düzülmüş alça ağacları çiçəkləyəndə. Sonuncu alça ağacı öz ucubiz budağını torpağa endirib bu quşun dimdiyi olmuşdu. Cığır isə həyəti şimşək kimi ortadan yarıb keçir, sonra da sonuncu alça ağacının ətrafından hərlənib həyətin dal tərəfindəki palçıq hasara sığınmış köhnə Cin quyusunun ağzına çatırdı.

…Quyunun içindən qəflətən ağappaq bir quşcuğaz “pırr” eləyib göyə uçdu. O səksəndi.

Quşcuğaz, elə bil, onun quyuya yaxınlaşmağını gözləyirdi. “Pırr” eləyib quyunun içindən uçan zaman havada tələsik dövrə vurub onun başı üstünü aldı, onunla bir göz bərabərində havada durub ciddi-cəhdlə qanad çalmağına davam elədi. Quşcuğaz qanadlarını bu cür çala-çala havada bir nöqtədə durub qalmaq üçün zor-güc bir neçə an ancaq davam gətirdi, sanki ona nə isə çatdırmaq, demək istəyirdi. Amma qanad çalıb-çalıb heydən düşdü, demək istədiyini, təbii ki,  deyə bilmədi və kor-peşman uçub getdi. Ondan quru bir səs qaldı: “pırrr…”

Cin quyusunun ağzında həmişə nazik dəmir örtük olardı, indi bu örtük harasa yox olmuşdu. Miras müəllim dizləri titrəyə-titrəyə elə durub qaldığı yerdən quyunun açıq ağzına baxdı. Quyu “varını verib” sakitləşmişdi.

Quyunun ağzına qədər gəlməyə isə onun cəsarəti çatmadı. Quyuya yaxın yerdə “quş dimdiyi”nin, yəni, sonuncu alça ağacının altında bir yekə, ora-burasını mamır basmış, yarısı torpaqda gizlənmiş qədim daş vardı, birtəhər eləyib o daşın üstünə oturdu. Həyəcanlı idi, bədənində bir vicvicə gəzirdi, ürəyi az qala hövr eləyirdi. Dərindən nəfəs alıb verdi və əlini aparıb çiyninə atdığı iş pencəyinin cibindən ata yadigarı gümüş papiros qabını çıxardı. İçindən bir papiros seçib titrəyən barmaqları ilə əzişdirməyə başladı.

Bir xeyli vaxt belə keçdi. Miras müəllim hələ də daşın üstündə üzü Cin quyusuna tərəf heykəl kimi oturub qalmışdı. Bayaq onu səksəndirib quyudan uçan o balaca, ağappaq quşcuğazdan isə əsər-əlamət yox idi. Xəyalı Miras müəllimi keçmişə aparmadımı, apardı. Yalnız bundan sonra bir qədər rahatlaşan Miras müəllimin dodağının ucuna təbəssüm qondu…

Qırx beş il əvvəl də eynən belə bir isti yay günü idi. Onda da günortadan təzəcə keçmişdi. Üstünü mamır basmış elə bu daşın üstündəcə nənəsi Sərvinaz arvad gen, allı-güllü tumanını dörd bir yanına yayaraq rahat-rahat oturmuşdu. Arvad – qoca arvad, tuman – cavan gəlin tumanı. Qoca nənəsi bu rəngli tumanın içində cavanlığın içindəki gələcək qocalıq kimi itib batmışdı. On beş yaşlı Miras da onun qarşısında günahkar adamlar misalı başıaşağı dayanıb dururdu. Miras əsl əzabkeşlər kimi içini yeyə-yeyə beynində nənəsinin onu özüylə nə üçün bu quyunun yanına gətirib gəldiyinin səbəbini axtarırdı. “Görübdür yəqin. Məni bu həndəvərdə milyon faiz görübdü.”  Nənəsinin üzü-gözü puçur-puçur tər idi, özü də bərk tövşüyürdü. Elə bil, buraya, bu daşın yanına həyətin o başındakı birmərtəbəli, yastı-yapalaq evdən deyil, çox-çox uzaqlardan ağır bir yol qət edib gəlmişdi. O, təngnəfəs bir səslə dedi:

– Bəri bax, a gədə. Mən öz gözlərimlə gördüm… yenə sən gecələr bu quyunun həndəvərində dolaşırsan. Oxuduğun axmaq kitablardan gəlir. Lüt qızın xiyalıdı səni rahat qoymur. Kəndin o avara-uvarasına qoşulmusan. Yoxdu orda qız. O qız çoxdan ölüb gedib. Allah ona nəhlət eləsin. Amma Cin, ola bilər ki, hələ də ordadı. Bunu o dostlarına da de. Babamın öldüyü gündən bəri Cini görən olmasa da mən bilirəm, Cin ordadı. Sən uşaqlıqda damdabacadan necə qorxardın, yadındadı?! Bə bu cindən niyə sən qorxmursan?!

Əlbəttə, bunlar onun yadında idi. Nənəsinin gecələr ona danışdığı qorxulu nağılların qəhrəmanı olan damdabaca, illər keçəcək, onun yadından çıxacaqdımı, çıxmayacaqdı. Hələ bu harasıdı, damdabacanın üstünə onlarla, yüzlərlə sehirbazlar və cadugərlər, sirli, müəmmalı eşq macəraları barədə oxunan kitabların da əfsunkar ağırlığı çökəcəkdi, gecələr yuxusuna şeytanlar, cinlər, əcinnələr oynaya-oynaya girəcəkdi və bütün bunlar hamısı bir yerdə olacaqdı beyni cürbəcür şeytani torlara ilişib qalmış macəraçı Miras. Amma bu sonralar olacaqdı. Hələlik isə o, quyu içindəki lüt qızın buxarlanıb quyunun içindən ucalan inikasını görmək üçün kəndin o biri cavanları kimi quyunun həndəvərində hər gecə keşik çəkirdi. Bu buxarlanma ancaq zülmət gecələrdə, bu gecələrin göyümtül rəngə çalan zərifliyində baş verirdi. Quyudakı qız lüt-üryan olub öz bədəninin inikasını quyudan yuxarı, işıqlı dünyaya göndərirdi. Görənlər bunun bir kinodakı kimi ecazkar və ehtiraslı olduğunu deyirdilər. Miras müəllimin dodaqlarının ucuna zərif bir təbəssüm qondu. Yadına həyətlərindəki uçuq quyuda həqiqi cinin yaşadığını ilk dəfə eşitdiyi zaman necə sevindiyi düşdü. Bu xəbəri ona məktəbdə dostu Ələsgər verdi:

– Cin sizin həyətdə yaşayır. Necə olub, sən bunu indiyənədək bilməmisən?! Amma məni gecə həyətə buraxsan, bir yerdə o kinoya baxardıq…

– Ömründə olmaz. Nənəm bilsə, məni də, səni də öldürər! – Miras sevincdən ürəyi ata-ata cavab vermişdi. Fikri isə qəti belə idi. Bu kinoya ancaq təklikdə baxacaq.

… Nənəsi onun yavaş-yavaş tüklənən və ziyilli üzünə öz işığını itirmiş, bulannıq gözlərilə bir xeyli tamaşa elədi, sonra nə fikirləşdisə, köksünü dərindən ötürdü. Arvadın rəngi qaraldı və o, sözünə aramla davam elədi:

– Gülürsən?! Əlbəttə, gülərsən. Gül, gül. Bax, o damdabaca bu cinin yanında boşuna bir şeydi. Oyuncaqdı. Bu quyuda, əsl cin yaşayıb. İnanmırsan sözümə?! Bəlkə hələ indi də yaşayır…

Sərvinaz arvad bulanıq gözlərini döndərib onun üzünə baxırkən qəflətən bir ildırım sürətilə qırx beş il bəriyə nəzər atdı. Orada yaşlı bir kişiyə dönmüş, saçları ağarmış Miras müəllimin dodağının qaçdığını oturduğu yerdən necə tutub gördüsə (“gülürsən” sözünü də elə bununçün dedi), onun bulanıq baxışlarını üzündə deyil, ürəyinin ən dərin yerində iynə kimi hiss edən Miras müəllimin canına yenə bayaqkı vicvicə düşdü. Bir müddət sonra isə nənəsi heysizləmiş baxışını təzədən qaytarıb gətirib yanında oturtduğu gənc Mütəllimin mısmırıq yağan ziyilli üzünə dirəmişdi. Miras müəllim yenə də qırx beş il sonrada qalmışdı. Baxışlarının kəskinliyinə ümid eləməyən arvad bu dəfə dediklərinə həqiqət donu geyindirmək üçün üz-gözünü qəribə şəkildə əyişdirdi. Yəni, mənim özüm bu cindən elə qorxuram, elə qorxuram…

– İnanıram, niyə ki inanmayım?! – Gənc Mütəllimin üz-gözünün qırışığı açılmadı.

– İnanmırsan. Amma yenə özün bilərsən. Xeyrini də sən görəssən, zərərini də.

Qoca nənəsi zənlə bu gənc nadürüstün üzünə baxıb, nədənsə, köksünü ötürdü. Nakam oğlunun sonbeşik yadigarına ağır söz deməyə dili gəlmədi. Əli ilə uşağı yanına çağırdı, könlünü almaq üçün başını tumarladı, allı-güllü tumanının yan cibindən iki-üç noğul, şəkər çıxartdı, “aç əlini, aç…” deyə-deyə güclə Mirasın əlinin içini şirniylə doldurdu:

– A gədə, a cındırışın… biri cındırış… Nağılların vaxtı keçdi. İndi ki mənə inanmırsan, mən də sənə nağıl yox, olmuş bir əhvalat danışacağam. Bu qızın əhvalatını. Cin onu elə bilirsən, öz xoşuyla aparıb?! Zorla aparıb. Heç kəs cinilə öz xoşuna addım belə atmaz. Odu, nişanlısı dəli-devana oldu, itdi, getdi haralara… Hər gecə nümayişinə düzülürsüz ha, o qızı deyirəm, ağzını əymə… Fikrin məndə olsun. Gərək indi hələ bunu mən sənə danışmaya idim, balacasan, anlayacaqsan, anlamayacaqsan, bir olan Allah bilir.

Səlvinaz arvad susdu, nəfəs dərdi. Bunları o deməliydi, o deməyib bəs kim deyəcəkdi?! Çünki məsələ beləydi ki, arvadın başqa çıxış yolu yoxuydu. Mirası addım-addım izləməyə artıq taqəti qalmamışdı. Bir də gördün, Cin bunu da aparıb saldı quyuya, o zaman neyniyəcək?! Cinə bir köməkçi lazımdı, ya yox?! Deməzmi, bunca illər mən sənin ulu babana xidmət elədim, indi də sən mənə şunu gətir, şunu qoy?! Deməzmi?! Deyər! Ona görə də Sərvinaz arvad bir yanıqlı “ah” çəkib hələ yetişməmiş bu gəncə köhnə quyu əhvalatını danışmağa qərar verdi. Nənəsi boynundan ehmalca basıb onu elə allı-güllü tumanının ətrafa yayılmış üstündəcə oturtdu, başını bərk-bərk qucaqladı,  qarnına sıxıb didişdirdi-buraxdı, didişdirdi-buraxdı. Nənəsinin səsi heysizləmişdi, amma yenə də sirli və qorxulu idi:

– A gədə, qulaq ver, indi sən mənə qulaqlarını dörd aç, çox diqqətlə qulaq ver. Sözlərimi də qəribçiliyə salma. Oxuduğun kitabları beynindən çıxart. Eşit və bil. Bu quyunun dibində hələ mənim babam nəql eyləyərdi ki, bir cin yaşayır. Bəlkə bu cin indi də ordadı. Quyunun adı o vaxtdan qalıb Cin quyusu. Cini görənlər olmuşdu, amma quyuda yaşayan bu cinin bir kəraməti vardı. Kim ki, gəlirdi onu görməyə, onunla söhbət eləməyə cəsarət edirdi, Cin özünü o adama göstərməyinə göstərirdi, amma sonra, yəni, Cindən ayrılıb evinə gələndən sonra Cin elə edirdi ki, adam Cini büsbütün unudurdu. Unudurdu, vəssəlam. Cinin dedikləri də, qiyafəti də, üzü-gözü də dərhal bu adamın yadından silinib çıxırdı…

– Cin, – Sərvinaz nənənin səsi pıçıltıya keçdi,—Mənim babam Kəlbəli dəmirçinin cini idi. Sənin ulu babanın. Ona da öz babasından yadigar qalmışdı. Qulaq ver dediyimə, ağılnan qulaq ver…

Qonşu kənddə Mirzə Səbzəli deyilən müəllim vardı, kənd məktəbinin  tarix müəllimi idi, atının nalını ancaq bu kəndə gətirib Kəbləli dəmirçiyə vurdururdı.  O, bir isti yay günü növbəti dəfə yenə atını nallatmaq üçün Kəbləlinin yanına gələndə özü ilə bir qəribə kişi də gətirdi. Atın ayağı nalsız idi deyin, addımlarını yavaş-yavaş, ehtiyatla atıb gəlirdi. At həm də başıaşağı, könülsüz gəlirdi, çünki bütün diqqəti səkkiz-on metr arxadan yeriyən bu qəribə kişidə idi. Bu kişi pay-piyada olub düşmüşdü Mirzə Səbzəlinin atının dalınca. Ayaqları yalın idi. Əynində uzun ağ paltar var idi — bu ona həm köynək idi, həm də şalvar. Bu adamın üzü-başı tüksüz idi, gün vurub qapqara qaraltmışdı. Enli, əyri qaşları isə az qala gözlərinin üstünü tuturdu. Qəribəliyi o idi ki, yeridikcə hərdən uzunqulaq kimi tullanmağı vardı. At bu zaman əməlli-başlı hürkürdü.

Mirzə Səbzəli xoş-beşdən sonra ərklə keçib dəmirçi dükanının qapısının ağzındakı kətili altına çəkib oturdu. İsti bir yay günü idi, Mirzə cıbındən çıxardığı dəsmal ilə üzünün, boynunun tərini sildi, bir o tərəfə, bir bu tərəfə baxandan sonra soruşdu:

– Kəbləli kişi, sən bu… məxluqu görürsən? – Başını o tərəfə çöndərmədi və sol əlinin baş barmağı ilə haman enliqaşlı qəribə kişiyə işarə elədi. Məxluq Mirzə Səbzəlidən bir qədər aralı, onun sol tərəfində elə yerdəncə çöküb oturmuşdu. Fikri-zikri, elə bil, tamam başqa bir yerdə idi.

Kəbləli dəmirçi isə artıq atın başının üstünü almışdı. Boynunu tumarlayırdı. Başını günahkar kimi aşağı sallayan atın sinəsi şiddətlə vurur, gözləri bərələ qalmışdı. Kəbləli dəmirçi atın qulağına nəvazişli sözlər deyə-deyə qabaq ayağını birdən tutub arxaya burdu. Diqqətlə atın ayağının altına baxıb başını buladı. İri bir mıx necə dibinəcən girmişdisə atın ayağının düz altına, o mıxın harasından kəlbətini ilişdirəcəkdi, onu düşündü. Mirzənin sualına ağızucu:

– Görürəm.—dedi. Başını zorla da olsa çöndərib Mirzə Səbzəli ilə gəlmiş bu adama bir daha nəzər saldı. Sonra atın ayağını buraxıb bu kişini diqqətlə gözdən keçirdi.

Kəlbəli dəmirçi əllərilə dizlərini bərk-bərk qucaqlayaraq dinməz-söyləməz bir küncə çəkilib yerdəncə oturmuş bu adamın qəribəliyini ancaq indi hiss elədi. Onun üzündən-gözündən tər hələ də sel kimi axıb gedirdi. Tez-tez nəfəs… yox, buna nəfəs deməzdilər, nəfəs almırdı, ləhliyirdi. Dili də ağzından bir qarış bayıra çıxmışdı. Gözlərini adamdan gizlədirdi, başını qaldırıb adamın üzünə dikinə baxmırdı, elə bil, nədənsə çəkinirdi, ya ki, utanırdı, fikrə-xəyala getmişdi, nəydi?! Həqiqətən, zavallı bir görkəmi vardı. Kəbləli dəmirçinin, nə üçünsə, ürəyi sıxıldı. Kəlbətinlərin birin götürüb o birin yerə qoydu. Gözlərilə içəridə, zindanın yanında ona lazım olan əyri nalçərini axtardı.

– Kəlbəli, bir dəqiqə nəfəsini dər və mənə diqqətlə qulaq ver. İstəyirəm, biləsən.

Mirzə Səbzəli ta səbrlə gözlədi ki, Kəlbəli dəmirçi atın boynunu tumarlayıb əllərini bir əskiyə silə-silə gəlib onun yanında bir kətil çəkib altına, o da otursun, bundan sonra söhbətinə belə davam elədi:

– Babam mənə danışardı ki, hər adamın bir cini olur. Bəzən bu cin  özünü ətrafa biruzə verir, bəzən biruzə vermir. Bir adamın bir başqası ilə dost olması üçün bu adamların hər şeydən əvvəl gərəkdir ki, cinləri görüşüb anlaşsın. Bu cinlər anlaşa bilsə idilər, bəli, bu adamların dostluğu baş tuturdu, yox, əgər anlaşa bilməzdilərsə, o zaman bu adamlar nə illah eləsəydilər də, dost ola bilməyəcəkdilər.

Bunu eşidən o qəribə məxluq dodaqaltı öz-özünə mızıldandı:

– Cin ayrı, şeytan ayrı. Onu şeytanlar üçün deyiblər.

Onun sözlərini eşidən olmadı.

Kəlbəli dəmirçi isə Mirzənin dediklərindən sonra xatırladı ki, eynən belə bir söhbəti onun da babası elərdi.

– Belə bir söhbəti vaxtilə mən də öz babamdan eşitmişəm.— Kəlbəli dəmirçi başını tərpədə-tərpədə söylədi..

– Elədi. Eşitməmiş olmazdın. Sənin rəhmətlik babanla mənim babam dost olubmuşlar.

– Eləmi? Mən bunu bilməmişəm.  – Kəlbəli dəmirçi təəccüb və maraqla nədənsə Mirzə Səbzəliyə yox, yerdəncə səssiz-səmirsiz oturub qalmış bu enliqaş kişiyə baxdı.

– Bəli, bəli, bunu mən də dünənə qədər bilmirdim. Dünən bu söylədi.

– Kimdir bu kişi? Babalarımızı hardan tanır? Mən bu adamı oxşada bilmədim. – Kəlbəli dəmirçi bu dəfə aşkar diqqət və maraqla enliqaş kişini süzdü.

Mirzə Səbzəli köksünü ötürüb bir “ah” çəkdi, sonra belə cavab verdi:

– Bu adam deyil, Kəlbəli, bu, bir cindir. Bəli, bəli, heç təəccüb etmə. Dünən qaş qaralan vaxt idi. Bir də baxıb gördüm, bizim quyunun həndəvərində kimsə dolaşır. Şübhələndim və yaxınlaşmaq istədim ki, baxam görəm kimdir. Amma mən  bunu etməmiş o özü yaxınlaşıb özünü mənə tanıtdı. Əvvəl-əvvəl bir yüngülcə ətim ürpəşdi. Sonra danışdıqca gördüm ki, xeyir, bu cin zərərdidə cinə oxşamır. Nə isə… Məndən xahiş elədi ki, onu sənin yanına gətirim gəlim. Sənə deyəcəkləri varmış. – Son sözünü Mirzə Səbzəli səsini alçaldıb az qala pıçıltıya keçdi. – Sənin rəhmətlik babanın cini olub bu.

Mirzə Səbzəlinin alçaq səslə, az qala pıçıltıyla dediyi bu son sözlərdən sonra Kəlbəli dəmirçinin çiynindən ta ki tumanınacan soyuq tər axıb getdi…

Kəlbəli dəmirçi öz cinini həyatda bu cür  tapdı. Daha doğrusu, babasıının cini gəlib onu neçə illərin ayrılığından sonra bu cür tapdı. Nümayişi-etibar deyilmiydi, nümayişi-etibar idi. Hər adama qismət olmur.

O gündən Kəlbəli dəmirçi bu Cini gətirib həyətinə köhnə quyunun yanında ona yer düzəltdi. Amma iki gündən sonra Cin gedib girdi bu quyunun içinə, opda qalmaq istədi. Quyunun suyu onsuz da sovulmuşdu, ona görə də Kəlbəli dəmirçi ta bir söz demədi. O vaxtdan bu köhnə quyu Cinin məskəni oldu. Adına da quyunun Cin quyusu deməyə başladılar.

Qocaldıqdan sonra haman bu Kəlbəli kişi evdən bayıra qədəm qoymurdu, evin içində də gəzib eləmirdi, tərpənməz hala gəlmişdi. Harda gətirib oturtsaydılar, səsiz-səmirsiz orda da oturub qalırdı. Heç kimlə də dinib danışmırdı. Bəzən səhər tezdən gətirirdilər onu həyətin ortasında ən uca alça ağacının altındakı taxtın üstündə uzandırırdılar, dörd tərəfinə yastıq, mütəkkə düzürdülər ki,  yumbalanıb yerə yıxılmasın, bir də axşam yadlarına düşürdü, gəlib aparıb salırdılar yerinə, bu da ordaca yatıb qalırdı. Evdə deyirdilər ki, belə vaxtlarda Kəlbəli kişiyə quyudan çıxıb bir cin gəlib baxır. Oturur saatlarla bunun yanında, su istəyəndə suyunu quyudan çəkib verir, ehtiyacı olanda çiyninə alıb ayaqyoluna aparır. Kəlbəli kişi ancaq bu cinlə xosun-xosun söhbət edirdi. Yorulub yatanda isə Cin bunun yanında yerdən oturub maddım-maddım elə hey üzünə baxır, baxışını bir an belə yana çəkmirdi.

Babası Kəlbəlini çox qoca, artıq heydən-əldən düşmüş halında Sərvinaz arvad körpə uşaq ikən görmüşdü. Onu çox dumanlı şəkildə xatırlayırdı. Əsas cizgilər yadından çıxsa da, amma bəzi məqamlar, özü də nanə-turşusu ilə, bu günə qədər gözünün önündən çəkilmirdi. Qoca artıq çox heysiz idi, oturduğu yerdəcə,  bir də görürdün, fırfıra kimi ora-bura fırlanan gözlərini yumub huşa gedir, xumarlanıb yatırdı, amma qısa bir müddət keçirdi, qəflətən gözlərini açıb dörd ətrafına diqqət edirdi, elə bil kimisə axtarırdı. Balaca Səlvinazı ilk dəfə bərk-bərk bələnmiş halda ona göstərəndə heç nə başa düşməmişdi, balaca körpədən daha çox onun-bunun üzünə səssizcə baxandan sonra yenə gözlərilə kimisə axtarmış, tapa bilməmiş, sonra sakitcə gözlərini yumub sakitcə yuxuya getmişdi…

Cavanlığında isə Kəlbəli dəmirçi baməzə bir kişi olmuşdu, məşhur bir sözü varmış, deyərmiş ki, hər adamın bir cini olmalıdır. Bu cin adamın qulluğunda durub onun üçün hər şey eləməyə hazır olmalıdır. Qoçaq adamların cinləri fərasətli cinlər olur. Mənim də bəxtimə bu cin düşüb, mənim də cinim bu fərsiz cindi. Kəlbəli dəmirçi qonşularına Cin haqqında cürbəcür ağlasığan və sığmayan əhvalatlar danışırdı. Məqsədi isə bu idi ki, qəfildən Cini həyətdə qonum-qonşudan görən olsa onun qiyafətindən və özünü qəribə  tərzdə aparmasından qorxmasınlar.

Cinin xəbəri hardasa tələsik, tez, bir başqa yerdə yavaş-yavaş kəndin yaxın və uzaq səmtinə yayıldı. Adamlar, xüsusilə də, cavanlar bütün gecə növbə ilə Kəlbəli dəmirçinin həyətinin arxa tərəfinə yığışır, Cini bir dəfə görmək üçün palçıq hasarın arxasındakı quyunun keşiyini çəkirdi. Onlar Cinin gecələr, daha çox isə sübh tezdən quyudan çıxıb toyuq-cücə hininə getməyini gözləyirdilər. Cin hər sabah obaşdandan, xoruzlar banlamamış gedib həyətin bu biri başında o zaman bir yarıuçuq hin vardı, o hinə girər, toyuq-cücənin haray-həşiri altında samanlıqdan bir-iki yumurta götürüb yenə də quyunun ağzına geri qayıdardı. Hərdən kefi kök olanda hasar dalında gizlənib onu güdənlərə qaşlarını çatıb tərs bir baxış atar, yalandan onlara “hu, hu, hu” deyib çımxırar, həmlə edirmiş kimi atdanıb-düşərdi.

Hasarın o tərəfində duranların isə bayaqdı, ödləri ağızlarına gəlir, hərəsi bir tərəfə pərən-pərən səpələnirdi. Bu zaman Cin dumbul kimi şiş qarnını tutub güldükcə gülür, uğunub gedirdi. Cəsur olub qaçmayanla isə Cin çəpərin bu tərəfində, o cəsur isə o biri tərəfində durub söhbət edərdilər. Əlbəttə, qorxub qaçmayan olurdusa, Cinlə danışmaqda əvvəl-əvvəl çətinlik çəkirdi, amma bu çox çəkmirdi, bir-iki dəqiqədən sonra bu adam özünə gəlir, bir kəlmə ordan, bir kəlmə burdan, bir də baxırdın ki, söhbət uzanıb, bunlar öz deyib-gülməklərində, günəşsə artıq çıxıb göy üzündə öz yerini tutub, xoruzlar banlayır. Cinlə həmsöhbət olanların içində ən ürəklisi döş cibində həmişə təzə-tər qızılgül gəzdirən Şəmistan vardı, o idi. Cinə cəsarət eləyib belə demişdi:

– Sənin sehrin də var, yoxsa ancaq elə-belə, üz-gözündən cinə oxşayırsan?

– Yox, niyə ki… İstəyirsən sənə sehr edim, söylə, ürəyin nə istir? – Şəmistanın cəsarətindən heç də xoşlanmayan Cin Şəmistandan lovğa-lovğa bunu soruşmuşdu.

Şəmistan çox fikirləşmiş, çox düşünüb-daşınmışdı. Əsas fikri-zikri, niyyəti Cinin bu özündən razı halını, lovğalığını vurub yernən yeksan etmək olmuşdu. Düşünmüşdü: “Var-dövlətmi istəyim, sağlıqmı istəyim, nə istəyim, mən ki bilmirəm. Yox, qoy Həmidəni istəyim, onu mənə calamaq dünyanın ən ağır işidi, qız ki, quyruq ələ vermir, cin bunu heç bacarmaz. Var-dövlət tapar, bəlkə quyunun dibində qızıldan-filandan, xəzinədən-zaddan nəsə var, sağlamlıq da bunun üçün çətin bir iş olmaz, otdan-cücərtidən dərmanlıq bir şey düzəldib verər, amma Həmidə… Bu, qəliz məsələdi. Bu, əlindən gəlməz.”

– Sən Həmidəni istirsən. Ürəyindən Həmidə keçir, eləmi? İstirsən, bu qız səni sevsin, hımı?!– Cin Şəmistanın tüklü üzünə, üzündə tük altından bir-birini basıb keçən yaşına yaraşmayan dərin qırışlara diqqətlə nəzər yetirib müjdə verirmiş kimi gözünü qıyıb son sualını verdi. – Sən elə bilirsən, mümkün deyil?

Çaşıb qalmış Şəmistan ancaq başını tərpətdi, bu,  ölüvay “hə” işarəsi idi.

– Çox mümkündür. Bu gün axşam onu bura, bu hasarın yanına gətir. Sabah isə elçilərini göndər!! –Cin gözlərini qıyıb yenə də o mənfur lovğa ədasıyla əmr etdi.

Həmidə kəndin gözəli idi.

Axşam çağı Şəmistan nə cür dillər töküb, nə cür vədlər verməyi qərarlaşdırmışdı, amma heç birinə lüzum olmadı. Həmidə Şəmistanın təklifini eşitcək gözləri parıldadı və elə o dəqiqə qız Cinlə görüşmək üçün razılığını verdi. Ürəyi şiddətlə döyünən Həmidənin yanına düşüb Şəmistan onu hasarın bu biri tərəfinə, Cin quyusunun yanına gətirdi. Ətrafda ins-cins yox idi. Yalnız Cin onları həyət tərəfdə durub artıq gözləyirdi.

Cinin xəbərin eşidib üzünü görməyən Həmidə elə ilk dəqiqədən Cindən nə qorxur, nə də hürkür. Xeyli maraq və diqqətlə onu süzməyə başlayır. Qızı görən Cin isə az qala ağlını itirir və bir könüldən min könülə Həmidəyə vurulur. Qızın əlini əlinə alır. Nə edir, nə etmirsə, Həmidənin ürəyində elə bir tufan qopur ki, qız Cinin əli əlinə dəyincə hər şeyi unudur. Bütün yaddaşı bir anda buxarlanıb göyə uçur. Evini, eşiyini, ata-anasını, bacılarını, hamını, hamını unudur. Üzünə bir başqa işıq gəlir, baxışları dəyişir. Həmidə Cinə bu yeni baxışları ilə baxıb gülümsəyəndə daha da gözəlləşir. Bu zaman Şəmistan diqqət edib görür ki, qızın cazibəsinin üstünə bir başqa cazibə gəlib. Şəmistanın yanlarında olub-olmasına heç bir fikir vermədən Həmidə başlayır Cinin suallarına nazla cavab verməyə.

– Sən bu oğlana niyə zülm elirsən? – Cinin ilk sualı belə olur.

Qız cavab verir:

– Onun borcudu sevdiyi adamın nazını çəksin.

Cin gözlərini yana dikib bu dəfə alçaq səslə soruşur:

– Sən bilirsənmi, sənin nazını çəkməyə bu yer üzündə razı olmayan bəndə, nəinki bəndə, məxluq olmaz?

– Bilirəm, niyə bilmirəm ki?! Amma o bəndə olmayan məxluq da bilməlidi ki, mənim nazım böyükdü, çox böyükdü… Bir də ki, mən özüm istərəm, kim mənim nazımı çəksin, kim isə çəkməsin.

Cin qalın qaşları altından alov püskürən gözlərini Həmidənin təpədən-dırnağa qədər vücudunda gəzdirir, qızı göz görə iti baxışlarıyla soyundurub sonra yenidən geyindirir və bu dəfə belə deyir:

– O məxluq, biləsən, sənin əmrinə müntəzirdi, o məxluq sənə də özü yaşadığı qədər uzun ömür vəd edir. Elə uzun ömür ki, yüzlərlə insan ömrü qədər yaşamaqdan bezib ola bilər ki, bir zaman gələr və sən istərsən, bir quşa çevrilib səmada pərvaz edəsən. O məxluq özü sənə uçmağı öyrədəcək.

Həmidənin gözləri bu sözlərin laylasına süzülür, nə süzülür, qız az qalır, bihuş olsun, biixtiyar dilindən bu sözlər çıxır:

– Mən ki, nə zamandı səmada pərvaz eləməyin həsrətindəyəm. Mənə uçmağı öyrət…

Və bu zaman Cin qəfildən çönüb Şəmistana deyir:

– Sən get, bir azdan geri dönüb qızı apararsan.

Cin ilə Həmidə arasında gedən söhbət Şəmistana elə gəlir ki, “quş dili”ndədi, bu söhbətdən Şəmistan heç bir şey anlamır. Onu da anlamır ki, nə üçün qəlbində heç bir  şübhə, heç bir tərəddüd duymadan Cinin əmrinə tabe olur və onları bir yerdə buraxıb gedir. Amma çox uzaq getmir, yaxındakı ağacın arxasına keçib oradan bunları güdməyə başlayır. Görür ki, Cin Həmidəyə nə deyirsə, Həmidə üzü-gözü gülə-gülə, dodaqları tərpənir, o da nə isə buna deyir. Şəmistan eşitmir, Həmidə isə Cinə “mənə uçmağı öyrət, noolar… mənə uçmağı öyrət…” sözlərini təkrarən pıçıldaya-pıçıldaya ağ, uzun qollarını açıb dolayır Cinin boynuna. Cin qızı quş kimi alır əlləri üstə, keçirdir palçıq hasarın o biri tərəfinə və bunlar bu şəkildə gözdən itirlər. Ta bundan sonrasını, lap elə əvvəlini Şəmistan xatırlamır. Elə ağacın arxasında ola-ola, özü də bilmir, niyə, yəqin ki, adətkərdəliyindən pencəyinin döş cibində gəzdirdiyi qızılgülü götürüb acgözlüklə bir neçə dəfə qoxlayır. Gülün ki, bir az əvvəl ətrindən adamın ağlı başından gedirdi, indi heç bir iyi-zadı gəlmir.

Gözəl Həmidə o gündən yoxa çıxır. Atasının-anasının on qızından biri olan Həmidəyə evlərində üç-dörd gün ağlayıb-sısqayıb bir azdan unudurlar, gedir.  Sonralar da belə bir qızlarının olub-olmadığını doğru-dürüst yada sala bilmirlər. Soruşanda səmimiyyətlə təəccüb edib deyirmişlər ki, bizim elə əzəldən doqquz qızımız olub.

O gündən kəndə səs düşür ki, Cin quyusunda Cin artıq tək qalmır, o, quyuda öz təzə sevgilisiylə yaşayır. Qoca qarılar gizlin-gizlin bir-birinə deyirdilər: “Cinin sevgilisi, başqası deyil, bə kimdi bu sevgili, bilmirsən, yox, sən bilirsən, hə, mən bilirəm, mənə də Sərvinaz söylədi. Cinin sevgilisi elə o qəfil yoxa çıxan Həmidədi ki, var. Eləmi? Elə, elə! Onu görüm, nəhlətə gəlsin, satdı özünü bir cinə. Hər günorta quş cildində quyudan “pırrr” eləyib çıxıb uçur göyə. Ağ günə çıxacaqmış… Sərvinaz deyir ki, mən onu uçuşundan tanıram, Həmidədi. Uçub, uçub yenə qayıdır xarabasına… ”

Şəmistan bu hadisədən sonra evdən bayıra ayaq qoymadı, bir adamı görmədi, bir adamla görüşmədi. Gecələrin birində heç kimə bildirmədən kəndi tərk edib getdi. Ata-anasını ağlar qoydu. Onun sorağı xeyli müddət sonra şəhərdən gəldi. Oxuyub bitirdiyi İnstitutların birində məşhur ədəbiyyat müəllimi olmuşdu. Deyirdilər ki, Həmidə ilə Cin əhvalatını o, heç zaman xatırlamırmış. Hər şey yaddaşından silinmişdi. Sonralar institutda Mirasın da müəllimi olarkən bir kənddən olduqlarını biləndə Şəmistan müəllimin həmişə yanar ocaq kimi alovlu gözlərinin dibinə bir qaraltı çökmüşdü.

Şəmistan müəllim guşənişin, adamayovuşmaz biriydi. Qohum-qardaşını yaxın buraxmırdı. Heç kimi ya qocaldığından həqiqətən tanımırdı, ya da tanımaq istəmirdi. Həyatının axırlarına yaxın lap tək-təkcənə qalmışdı. Artıq işə də gəlib-getmirdi. Hərə bir cür qocalır, Şəmistan müəllim pis qocalmışdı. Üz-gözünü saqqal basmış, gözləri, elə bil, uçuruma düşmüşdü Ev içində özü-özünə zorla qulluq edə bilirdi. Miras və bir də iki tələbə yoldaşı ürəklərində ona acıyıb hərdən-birdən yanına gedir, bacardıqları qədər qulluğunda dururdular. Bir gün gələndə zəngi nə qədər basdılarsa, qapıya yaxınlaşan olmadı. Qonşuda açar varmış.  Qapını açıb içəri girdilər. Otaqdan kəskin iy gəlirdi.  Şəmistan müəllimin qollarını gen tutub çarpayıdan üzüüstə yerə yıxıılmış cəsədi çoxdan soyumuşdu…

Həqiqət naminə onu demək lazımdır ki, Mirzə Səbzəlinin və nənəsinin söhbətində çoxlu açıq qalmış məqamlar var. Məsələn, — Miras müəllim daşın üstündə oturub fikirləşirdi, – Cin nə üçün, səbəb nə olur ki, ulu babasının cini ola-ola  onun yanından çıxıb gedir və bir də uzun zaman keçdikdən sonra Mirzə Səbzəlinin həyətindəki quyunun yanında peyda olur?! “Sənə deyəcəkləri varmış…” Mirzə Səbzəli Kəlbəli dəmirçiyə, gərək ki, belə deyir. Nə imiş Cinin deyəcəkləri?!

Sonra. Nənəsinin sözlərinə görə Kəlbəli dəmirçi Gindən qonşulara “ağlasığan və sığmayan” söhbətlər edirmiş. Babası Kəlbəli belə deyirmiş: “… hər adamın bir cini olmalıdır. Bu cin adamın qulluğunda durub onun üçün hər şey eləməyə hazır olmalıdır. Qoçaq adamların cinləri fərasətli cinlər olur. Mənim də bəxtimə bu cin düşüb, mənim də cinim bu fərsiz cindi. Kəlbəli dəmirçi qonşularına Cin haqqında cürbəcür ağlasığan və sığmayan əhvəlatlar danışırdı.” Bunları o, nənəsindən eşidib. O zaman sual olunur. Niyə Kəlbəli dəmirçi öz Cinini fərsiz adlandırır?! Onun haqqında qonşularına hansı ağlasığan və sığmayan əhvalatlar danışır?! Müəmma? Müəmma!

Sonra. Həmidə ki, Cin tərfindən quyuya salınır və quşa döndərilir, bu qız nə zamana qədər quyuda yaşayır?!

Sonra. Bu qız, yəni, Həmidə həqiqətənmi kəndin yarısının dediyi kimi Cinə vurulub könüllü olaraq onunla quyuda yaşamağa qərar verib, yoxsa kəndin o biri yarısının qəti inamına görə Cin qızı bu işə tilsim və sehir vasitəsilə vadar və məcbur edib?! Çünki bu hadisədən sonra Həmidənin evində ata-anası da bu adda qızları olduğunu (yəqin ki, Cinin təsirilə) unudub getmişdilər, xatırlamırdılar. On qızdan biri olmasın, dünyamı dağılacaqdı?! Hətta Həmidənin atasını gecələrin birində Cin quyusunun həndəvərində ondan-bundan gizlənərək lüt-üryan qızın “kino”sunun başlanmasını gözləyən yerdə görənlər də olmuşdu.

Miras müəllim bunları beynindən keçirdikcə qəribə bir tərəddüd içində qaldığını hiss edirdi. Bu gün quyudan “pırr” eləyib uçan quş həmən Həmidə olmasın?!

Və sonuncu anlaşılmaz məqam. İndiyənə qədər Cin bu quyudadı, yoxsa yox?! Cin sağdı, ya ki, ondan artıq əsər-əlamət qalmayıb?!

Bütün bunlar Miras müəllimə əndazəli və ölçülü-biçili, uzun bir şeir kimi gəlirdi. Bu elə həqiqətən şeir idi ki, vardı. Cinin buralara gəlib çıxması, küsüb getməsi, sonradan qayıtması, quyuda məskən salması, kəndin ən gözəl qızına vurulması, qızın da onun sevgisinə sevgi ilə cavab verməsi, hətta quşa döndərilməyə də razılıq verməsi (razılıq verməmişdisə də — elə bunun özü!) bütün bu uzun eşq macərası şeir deyildi də, nə idi?! Bir vaxtlar gecələr soyunub lüt-üryan olan

Həmidənin bütün kəndin ağlını başından alan və quyudan duman kimi buxarlanıb yavaş-yavaş yuxarı üz tutan quyu içindəki mərmər vücudunun quyu üstündəki inikası, bu zaman quyunun dərinliyindən əks-səda kimi eşidilən boğuq və anlaşılmaz sözlərin ehtiras və həyəcanla bir-birinə sarmaşıb rəqs, əlbəttə ki, rəqs, başqa heç nə yox, dəli bir rəqs eləməsi və bu dəli rəqsin şeirdən başqa heç nə olmaması Miras müəllimə indi artıq gün kimi aydın idi. Şeir səsləri altında quyunun dibindəki lüt-üryan vücudun buxara, bəlkə dumana dönmüş inikasının quyunun içindən yavaş-yavaş, rəqs edirmiş kimi çıxıb  əyilə-düzələ göylərə yol almasını seyr eləmək üçün hasarın o tərəfində gözlərilə sübhü açan kənd növcavanlarıyla  bir yerdə vaxtilə onun özü, Miras müəllim qəlbi çırpına-çırpına, amma hasarın bu tərəfində alça ağacına qısılıb bütün bədəni titrəyə-titrəyə o möhtəşəm anı gecə-gecə gözləməmişdimi?! Bu zaman quyunun içində nə cür ləzzətli hadisələrin baş verdiyini dönə-dönə xəyalında canlandırmamışdımı?!

Həmidənin kənd əhlinin dilində əfsanəyə çevrilmiş gözəl vücudunun ağ dumana dönmüş inikası quyunun ağzından çıxıb ulduzlu göylərdə əriyən kimi aşağıda, quyunun dibində ehtirasla rəqs edən o əcayib səslər də kəsilir, ətrafa ölü bir sükut çökürdü. Bu filmə gözlərini dörd açıb, nəfəslərini qısıb, ağızlarının suyunu axıda-axıda baxanlar, nədənsə, bundan sonra səssiz-səmirsiz, heç nəyi müzakirə etmədən (filmdən əvvəl isə sital-sital müzakirələr bitirdimi, bitmirdi) hərə başını aşağı dikib yorğun bir əhvalla, fikir içində öz həyətinə, evinə dağılırdı. Ancaq uzaqlarda köpəklər özlərini qurdlara bənzədib bir-iki ağız ulaşırdı, yəni, yadımıza salırdılar ki, televizorda olan kimi dünyanın səsi alınmayıb, bilin, səs var, amma indi məqamı deyil.

Qadının əynindəkiləri bir-bir, lüt-üryana qədər soyunması bir şeirin əvvəldən axıracan misra-misra deyilməsidi. Şeir deyilib qurtaranda və artıq sonuncu misra da qalmayanda, qadın elə bu zaman sonuncu əşyasını soyunub əynindəkilərdən xilas olur və ətrafa sükut çökür. Lüt qadın sükut kimi bir şeydir. Miras müəllim ədəbiyyat müəllimi idi, ona görə də nə zamansa nənəsinin ona danışdıqlarını başqa obrazlarla təsəvvüründə canlandıra bilmirdi.

… Cin quyusunun yanındakı qədim daşın üstündə xeyli vaxt dinməz-söyləməz oturub qalmış Miras müəllim, nəhayət, başını silkələyərək keçmişin xəyal-düşüncələrini özündən uzağa qovdu, bir kibrit alışdırıb bayaqdan bəri barmaqlarıyla əzişdirdiyi papirosu yandırdı. Sinədolusu tüstünü içinə alıb ciyərlərinə ötürdü. Papirosu ləzzətlə çəkib qurtarandan sonra əllərini dizinə basıb daşın üstündən quş kimi ayağa qalxdı, qorxusuz-hürküsüz gedib quyunun yanında bir tərəfə atılıb qalmış dəyirmi dəmir lövhəni çəkib-sürüyüb  quyunun ağzını bərk-bərk örtdü. Bu zaman quyu yolundakı sonuncu alça ağacının quş dimdiyinə bənzər budağı tərpənib ehmalca cığıra toxundu. Çox-çox yuxarılardan baxan olsaydı, elə bilərdi, ağappaq bir quşcuğaz dimdiyini aralayıb nəsə demək istəyir.