Loğman Rəşidzadə
(Xalq yazıçısı Kamal Abdullanın realizmi, modernizmi, postmodernizmi)
Ulduzlara təkcə baxmarıq, onu fəhm edərik, onun dünyasına girərik, yerin təkini görüb orada baş verənlərə birbaşa müdaxilə edə bilərik. Onda nə baş verər? Onda insan sürətə də, zaman ölçülərinə də, coğrafi hüdudlara da nəzarət edib sonsuz aləmlərdə yaşaya bilər. Nə yazıq ki, biz indilikdə bundan məhrumuq. Yeganə canlı delfindir ki, öz beyninin 20 faizindən istifadə edə bilir. Odur ki, min kilometrlərdə baş verən hadisələri görür, fəlakətləri qabaqcadan hiss edib xəbər verirlər.
Qeyd etdik ki, elm hələ kvant fizikası sərhədlərinə gəlib yetişə bilmədiyi bir vaxtda, uzaq keçmişdə sufilər hissi – emosional dəyişmələr və ruhi təbəddülatlarla bu işlə məşğul olmuşlar. Məsələn, dərvişlər elə halətlər yaşamışlar ki, yeriyərkən ayaqları torpağa toxunmamış, fəza trayektoriyası cızmışdır. Bütün bunlar atomların və hissəciklərin düzülüşü, onların insan həyatıyla harmoniyasına bağlıdır. Həyati əlamətləri, onun varlığını müəyyən edən bu zərrəciklər gözümüzün görüş məsafəsində atomdur, görüş məsafəsindən çıxdıqda isə görünməz olan dalğa mərhələsidir. Həm var, həm yox. Bu təəssüratı da sürət yaradır. Varın nə vaxt yox olduğu fərq edilmir. Məhz buna görə də təsəvvüfdəki Seyri Sülük ruhi halət elmdəki Kvant Dolanıqlığı ilə üst-üstə düşür.
***
Kamal Abdulla paralel dünyaların həm elmi tərəfini, həm də ruhi-mistik sufiyanə parametrlərini önə çəkir. Qədim miflərdən üzübəri, “Qulliverin səyahəti” də daxil olmaqla, ondan qabaq və sonrakı ədəbi nümunələrdə paralel dünyalar haqqında söz açılıb, müəyyn bədii düsturlar verilib. Kamal Abdulla yaradıcılığında bu bədii postulatların qoyuluşu fərqlidir. Onda paralel dünyalar ideyası konkret konsepsiya şəklində qoyulur və elmi hipotezlərlə möhkəmləndirilir. Yazıçı təkcə bədii yox, həm də elmi dəlillərlə sübut etməyə çalışır ki, bizim hər birimiz paralel dünyalar hüdudunda yaşayırıq. Lakin indiki səviyyəmiz, elmimiz, şüur potensialımız bunu dərk etməyə imkan vermir. O, bütün əsərlərində bunu mətnin özəyi, mayası, yazıçı ideyasının təməl prinsipi kimi bəyan edir. Bu mənada “Unutmağa kimsə yox” romanında Bəhram kişi ilə F.Q.-nın söhbətinə diqqət yetirək:
“- Bəhram dayı, sən bu ulduzlara inanırsan axı, özün demişdin. Amma əgər bu, belədirsə, əgər bu ulduzların hər birində həyat varsa, deməli, biz hər birimiz eyni zamanda həm də ordayıq?! Ulduzlar sonsuz saydadırlar, sayı-hesabı yoxdu axı onların… biz onların hər birindəyik?!
– Sonsuz olmağına sonsuzdular, saysızdırlar.
– Bəs bu sonsuz dünyalar necə dolur, nəylə dolur?
– Hə, qəliz soruşdun… Bizim ayrı-ayrı anımızla dolur, balası (Seçmə – L.R.). Bax, bəlkə də bir an sonra biz burda yox, bax onu, yaxındadı, görürsən, yanıb-sönür, elə bil göz vurur, o ulduzda peyda olacağıq?! Mən belə düşünürəm. Bir an orada olub, sonra o ulduzu da tərk edəcəyik!? Sonra bir başqası, bir başqası. Qəlbimiz gəzir kainatı, qəlbimiz (Seçmə – L.R.).
– Mən isə başqa cür düşünürəm. – F.Q. düşüncəli-düşüncəli, gözünü Bəhram kişinin əlini uzadıb nişan verdiyi ulduzdan çəkmədən dilləndi. – Yox, elə bilmə, sən söylədiklərində də nəsə bir həqiqət var. Qəlbimizin gəzintisi də… Hm, pis deyil. Amma ən böyük həqiqət məncə odur ki, əgər paralel dünyalar vardısa (sən də bununla razısan), o zaman onlar sonsuz saydadırlar və bu sonsuz dünyaları nəyləsə (sən deyirsən qəbimizlə, mən isə deyirəm cismani nəyləsə (Seçmə – L.R.) doldurmaq lazımdır”.
Təbii, əgər biz Kainatın bir zərrəsi kimi kvant dalğasındayıqsa, demək aləmləri dolaşır, hər an hansısa bir aləmdə qərar tuta bilirik – özü də hətta cismani… İkiləşmə – paralelləşmə, insanda insanın təcəllasında bu məntiq dayanır. İnsan o həddə çata bilər ki, praktik mənada özünün ikinci mənini yarada bilər. Bu, mistika da ola bilər, ruhi təcəlla da, yuxu da, duyğu və hisslərin təhtəlşüur halı, kosmik ab-havaya girməsi, orqanizmin metafizik köklənməsi də, cismani də… Lakin bir həqiqət var ki, bütün bu seyri-aləmə çatmaq, bu halətləri yaşamaq üçün illərlə iç dünyanı cilalayıb təmizləməli, şüur və düşüncəni itiləməli, ona huşyarlıq və ilahi işıq verməlisən… Üstəlik beynin imkanlarından müstəsna istifadə… İkiləşmənin, paralel dünyaları dərk edib yaşamanın düsturları bu həqiqət dolaylarında birləşir. Ən əsası isə şüurun inkişafıdır. Tərəqqini ağlın gücündə görənlər bəşəriyyətin inkişafına daim töhfələr vermiş olurlar.
İnsan, beləcə, müəyyən irfani mərhələlərdə paralel dünyalarda yaşaya bilir. Bizim tez-tez gördüyümüz, hal-əhval tutduğumuz adam əslində həmin şəxsin özüyçün yoxdur. Onun bu dünyada quru qəfəsi gəzir. Onunla yanaşı yaşayan, yatıb-duran, gəzib-dolaşan, lakin başqa paralel dünyada dolaşan ikinci tayını o, özü görür. Onun yanındakı o, mələksimanı görmək üçün sən də həmin həddə çatmalısan, o halətləri yaşamalısan. K.Abdullanın qəhrəmanları, məhz, bu amplitudadadır. Onun qəhrəmanları, bu və ya digər cəhətləri, düşüncələri, yaşantıları ilə özünü dərk edən, tanıyan, paralel dünyaları seyr edə bilən, ariflik məqamına yetişmiş kamil insanlardır. Məsələ burasındadır ki, Kamal Abdullanın özü bir yazıçı-mütəfəkkir kimi bütün parametrlərilə bu həddədir, paralel dünyalarda seyri-aləmdədir, içimizdə yaşaya-yaşaya paralel – fərqli və oxşar dünyaların içindədir. Bizimlə yol gedəndə də, danışıb-güləndə də, hansısa mötəbər bir məclisdə çıxış edəndə də, o, həm də o tərəfdəki dünyasındadır. O, bunu təkcə hiss eləmir, həm də buna inanır, o, bunu məhz yaşayır. Odur ki, əsərlərinin baş qəhrəmanı özü olan Kamal Abdulla paralel aləmlərin varlığına bu qədər inandıra bilir. Fikrimizin əyaniliyi üçün yenə müəllifə müraciət edək. Bəhram kişi ilə F.Q.-nın söhbətinin davamına. Bəhram kişi:
“- …Əgər belədirsə, o zaman biz səninlə o ulduzların birində bu saat oturmuşuq oradakı Qarağacın altında və sən mənə deyirsən: o biri ulduzda (yəni artıq bizimkində) bu stəkan mizin üstündə deyil. – Bəhran kişi boylandı, – odu bax, samovarın yanındadı.
– Əslində belə deyirəm: bir başqa dünyada Qarağacın altındakı stolun üstündə belə bir (…amma hardan bilirəm – necə?) stəkan var. Razısan mənimlə?..
– Niyə, niyə də yox? Bax, mən əlimi qaldırıram… Bəhram kişi əlini qaldırdı.
– O biri başqa dünyada əlini qaldırmırsan, əlini yanına uzadırsan, bir başqasında isə aşağı salırsan, tamam başqa birində əlini yox, ayağınla… nə isə edirsən”.(“Unutmağa kimsə yox”).
Yazıçı o biri aləmdən insanın öləndən sonrakı həyatı kimi danışmır. Mövcud, real aləmlərdən, insanın eyni zamanda müxtəlif paralel dünyalarındakı yaşamından söz açır. Bizim yaşadığımız dünyanın ştampından, şablonundan da söhbət getmir. Xəyalda qurulan dünyalar barədə də yox, F.Q.-nın Bəhram kişiyə anlatmaq istədiyi cismani şəkildəki yaşam hüdudlarından danışılır. Belə məqamda bir iqtibas yerinə düşərdi:“Nobel mükafatı laureatı Əbdüs Salamın “İdeallar və gerçəkliklər” kitabında “Kosmik kod” əsərinin müəllifi Paqelsə istinadən Nobel mükafatı laureatı Feynmanın belə bir təcrübəsi xatırladılır; o, hissiyyatlardan təmizlədilmiş bir təcrübə qutusunun içərisinə girərək orada ekzokosmatik (bədən dışı) bir təcrübə keçirmişdir. Öz bədəninin çölə çıxdığını və bədəninin öz yaxınlığında yatdığını müşahidə edən Feynman bu təcrübənin doğruluğunu yoxlamaq üçün qolunu hərəkət etdirmiş, bu zaman önündəki bədənin də qolunun hərəkət etdiyini görmüşdür. Sonra bədəninin xaricində qaldığını düşünüb təkrar özünə dönmüş, bədəninə girmişdir. Feynmandan bu qəribə təcrübəsini nə ilə izah edə biləcəyini soruşanda cavab verib ki, pozulmuş heç bir fizika qanunu görmədim…
Paralel dünyaların varlığı kvant fizikasının dahisi tərəfindən elmi və praktiki yollarla belə isbatlanıb”. (Azər Turan. “Qızıl orta”, Ədəbiyyat qəzeti, 20 iyul 2019). Kamal Abdulla da, məhz, heç bir fizika qanunlarının pozulmadığı, real, cismani mövcud paralel dünyaların bədii təqdimatını verməyə çalışır və buna nail olur.
***
Paralel aləmlər ideyasının mayasında insanın ikiləşməsi (və çoxlaşması) prinsipi dayanır. İnsan (və eləcə də istənilən materiya) həm burda var, həm də yox. Həm bizim dünyadadır, həm də başqa, paralel dünyaların hansındasa… Bəlkə də hamısında…
“Sirri-zəmanə”ikiləşmənin, insanın müxtəlif zamanlarda müxtəlif aləmlərdə yaşam imkanına işarədir. “Sirri-zəmanə” “Unutmağa kimsə yox” romanının, sanki uvertürasıdır, vizit kartıdır. Bəhram kişinin F.Q.-yə nəvazişlərini Xeybər kişi eynilə Fərhad Qürubluya göstərir. (F.Q. yəqin ki, eləcə Fərhad Qürubludu. Yaxud hər ikisi birlikdə müəllifin prototipidir?..). Vaqif müəllim də Fərhadı Xeybər kişiylə tanış edənə qədər buraya, hiss olunur ki, əvvəllər də kimlərisə, hansı cavanlarısa gətirib, lakin mətləb hasil olmayıb. “Çiçəkli yazı”nı F.Q.-yə qədər oxumaq üçün gələnlər kimi… Odur ki, Xeybər kişi soruşur:
“- Bu dəfə necə, əminsən? – Xeybər baba Vaqif müəllimin düz gözlərinin içinə baxdı.
– Əminəm. – Vaqif müəllim cəsarətlə dedi. – Bunun oxuduqlarında ricətlər var. Buna, – başı ilə Fərhad Qürubluya işarə etdi, – əlyazmalardan cürbəcür xəbərlər ötürülür (Seçmə – L.R.).
Yağış yağdığı dəm Fərhad Qürublunun təhtəlşüurunda Təbrizin Çuxurlu məhəlləsinə səyahəti və bu yağışın altında ondan irəlidə uzun əbasının ətəklərini çirməyib qoluna dolamış, balaca, yastı evlərin arasındakı əyri-üyrü küçəylə gölməçələrin üstüylə az qala hoppana-hoppana, hoppanmayanda isə axsaya-axsaya, deyinə-deyinə gedən bir uzunsaqqal kişidən – Səvvab Təbrizidən söz açması, yaxud bu hadisəyə şahidlik etməsi insanın ikiləşməsi anına, eyni zamanda iki aləmdə, paralel dünyalarda zühur etməsinə təbii nümunədir. Fərhad Qürublunun Vaqif müəllimlə birgə Mərdəkana Xeybər kişinin yanına gəlməsi bu mistikanı dərinləşdirir. O, “Sirri-zəmanə”nin müəllifi Səvvab Təbrizinin nişan verdiyi, lakin heç yerdə tapılmayan (dünyanın ən məşhur kitabxanalarında belə) Ağ dərvişin “Rənglərin hikməti” risaləsini burada tapır.
Hekayədə Xeybər kişi – Səvvab Təbrizi ikiləşməsi paralel dünyaların təcəssümüdür. Fərhad ilk görüşdən Xeybər kişidə Səvvab Təbrizinin nişanələrini tapır və qəti əminlik hasil edir ki, bu, eləcə onun özüdür. Bircə axsamağı yoxdur. Çox göz qoyur, qoca axsamır ki, axsamır. Amma belə olmaz, qoca axsamalıdır axı… Oxucu da onun gec-tez axsayacağını gözləyir. Belə olmasa yazıçının mistik və metafizik nəzəriyyəsi qalib gələ bilməz, paralel dünyalar düsturu çözülməz, kosmik ahəng (“Möhtəşəm Ahəng”) inteqralları açıla bilməz. Necə ki, əsərin axırında Xeybər kişi axır ki, həqiqətən axsayır. Axı Fərhad yarımyuxulu aydınlıqla bunu irəlicədən təsəvvür etmişdi. Bu dünya o dünya olmuşdu: “Qocanın nəfəsi onun nəfəsinə qarışdı. Bu zaman Fərhad Qürubluya nə oldu, nə olmadısa, birdən-birə qəhər onu boğmağa başladı, elə bil özündən xəbərsiz tilsimə düşdü. Gözünün qabağından bir dəstə atlı idi, çaparaq gedib həyətdə itdi. Xalçadan məlul-məlul baxan ceyran xalçadan çıxıb Xeybər babaya yaxınlaşdı, başını onun dizinə sürtməyə başladı. Hardansa sel kimi yağan yağış altında Təbrizin Çuxurlu məhəlləsindəki o dar, əyri-üyrü küçə uçan xalça kimi uçub gəldi, bu evin darvazasından o tərəfə döşəndi. Bu küçə ilə axsaya-axsaya deyingən bir qoca kişi yol gedirdi…
Şərh yoxdur