Həyatda hər şey olduğu kimi görünmür. Odur ki, bir çox fikir mühəndisləri, söz sərrafları, yazıçılar, şairlər dünyanın pozulmuş mizanını sahmana salmaq üçün daim çalışır, bu yolda əbədi çaba göstərirlər. Bu, əbəs, faydasız, bihudə cəhd deyil, missiyadır, vicdan borcudur.

Hər kəs dünyanın sahmanına bir damcı mükəmməllik eleksiri əlavə etsə, israrlı və qətiyyətli iradəsini insanlığın azadlığı, yüksəlişi naminə səfərbər edə bilsə, bəşəriyyətin mənəviyyat xəzinəsinə, heç şübhəsiz, öz xidmətindən müəyyən bir pay vermiş olar. Belələri ilk növbədə mənsub olduğu xalqın, millətin qarşısında öz çarəsiz borcundan müəyyən qədər çıxa bilərlər. Bu bəşəri duyğular yaradıcı şəxslərə – yazıçılara, şairlərə, alimlərə, filosof və mütəfəkkirlərə daha çox aiddir. Növbəti doğum gününü qeyd etdiyimiz Azərbaycanın görkəmli yazıçısı Əli İldırımoğlu öz həyatı, yaradıcılığı, estetik idealı ilə bu bəşəri vəzifələri layiqincə yerinə yetirən qələm sahiblərimizdəndir. Onun əsərləri xalq yaddaşı xəzinəsidir, milli dəyər və bəşəri meyardır. O, bütün əsərlərində xalqın milli-mənəvi cəhətlərini qabartmış, onları müdafiə etmiş, bugünkü psevdosvilizasiyanın dağıdıcı təsirlərindən qorumağa çalışmışdır. Keçmişin sosial, dini, digər mənəvi-mental gələnəkləri ilə bu günün müasir təfəkkür özgürlüyünün harmonik xülasəsini təqdim etməklə o, milli-mənəvi dəyərləri multikulturalizmin bəşəri prinsipləri ilə ustalıqla qovuşdurmağa nail olmuşdur. Əli müəllim bütün əsərlərində işıqlı ədəbiyyatın nümayəndəsi kimi insanları sülhə, əmin-amanlığa, humanizmə, sosial ədalətə çağırmış və bu üstün duyğuları qaba zorakılığa qarşı sipər kimi qoymuşdur.

Lev Tolstoy deyir ki, mənim yaradıcılığım mənim tərcümeyi-halımdır. Bu sözlər həm fikrin bədii-estetik, həm də birbaşa, müstəqim və praktiki mənasında Əli müəllimin yaradıcılığı ilə identiklik təşkil edir. Əslində, bu faktı bütün yazıçılara aid etmək olar. Amma elə yazıçılar var ki, öz keçmişinə və yaşadığı həyata çox ehtiyatla yanaşır, bəzi faktları, hətta gizlədib ört-basdır edirlər. Əli müəllim isə öz keçmişini bədii tərcümeyi-hala çevirmək üçün heç bir ehtiyat tədbirləri görmür, bəzək-düzəyə lüzum bilmir, yaşadığı həyatı bədii ədəbiyyata şəstlə, çəkinmədən, bir az da qürur və fəxarətlə gətirir. Çünki o, öz həyatını elə yaşayıb ki, çəkinməli və gizlətməli heç nəyə ehtiyac yoxdur.

Bir məsələni də qeyd etmək yerinə düşərdi: bir var tarixdən gələn insanlar, bir də var, tarixi gətirənlər, tarixi özüylə daşıyanlar, öz işi, gücü, əməli fəaliyyəti ilə tarixi yaradanlar… Əli İldırımoğlu tarixi şəxsiyyət kimi təkcə tarixdən gələn kişilərdən deyil, eyni zamanda, tarixi yaradan və onu çiyinlərində (qələmində) bu günümüzə daşıyan ustad sənətkarlarımızdandır. Azərbaycan xalqının tarixləşmiş dünəni, bu günü, milli-mental dəyərləri, etnogenezi onun əsərlərində fundamental təcəssümüylə bu günümüzə daşınmışdır. Bu baxımdan onun əsərlərində xalq bir obraz kimi qəhrəman səviyyəsinə qaldırılır. Başqa sözlə, milli iradəni, müdrikliyi, etnosun əbədi əzəmətini öz varlığında bütün çalarlarıyla yaşadan Əli İldırımoğlu qəhrəmanları – İldırım kişi (“Mənim rəncbər atam”), Höcət Cahangir (“Aqibət”), Nazim İlham (“Zorən jurnalist”), Əmrah (“Əmrahsız qalan dağlar”), Nəcəf (“Daş yağan gün”), Mürşüd kişi (“Qoca macgəl”) və başqaları bütövlükdə yenilməz bir xalq obrazıdır, Azərbaycan xalqının əbədi yaddaşını və tərcümeyi-halını yaşadan simvollaşmış insanlardır. Bu mənada Əli müəllim xalqdan gələn əsl xalq yazıçısıdır.

“Həyatda ən böyük həzz yaradıcılıq həzzidir”. Cek Londonun sözləridir. Əli müəllim bu gün də yazıb-yaradır, bu həzzin iradi eleksirində yeni-yeni bədii nümunələrə imza atır. Nə xoş bir duyğu…

Hörmətli Əli müəllim, ey böyük ustad! Bu həzzin ağuşunda yaşamaqdan yorulmayasınız! Sizə uzun müddət bu həzlə baş-başa olmağı, yəni oxucularınızı yeni-yeni mükəmməl bədii sənət nümunələrilə sevindirməyi arzulayıram.

https://525.az/site/index.php?name=xeber&news_id=129693#gsc.tab=0