Kamal Abdulla və Rafiq Əliyevin “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının “təkmilləşdirilmiş” üçüncü nəşri İstanbulda işıq üzü görüb.

Əsərin ikinci nəşrini əvvəllər oxumuş və bəzi qeydlər aparmışdım. Yeni nəşrdə Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun direktoru, tanınmış vəkil Burak Ekenin də bir ön sözü var.

Dil və Sistem Fondu 27 oktyabr 2023-cü il tarixində İstanbulda Silkar Plazada ümumilikdə Dədə Qorqud haqqında və xüsusi olaraq K.Abdulla və R.Əliyevin birlikdə ərsəyə gətirdiyi kitabın tanıtım-təqdimatı məqsədilə bir toplantı keçirdi. K.Abdulla və R.Əliyev kitab haqqında, ümumən qeyri-səlis məntiqin “Kitabi-Dədə Qorqud”a tətbiqi mövzusunda çıxış etdilər. Görkəmli türk folklorşünası və tədqiqatçısı, hazırda Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universitetində dekan vəzifəsində çalışan professor Umay Günay isə çıxışında Dədə Qorqud dastanının strukturunun öyrənilməsində Propp üsulundan istifadənin mümkünlüyünü iştirakçıların diqqətinə çatdırdı. Mən də öz çıxışımda “Dədə Qorqud” boylarının “Oğuznamə”lər arasında yerini izah etməyə çalışdım. Toplantının günorta sessiyasında dinləyicilərin maraqlı sualları oldu. Toplantı daha çox Lütfi Zadənin işləyib hazırladığı qeyri-səlis məntiq nəzəriyyəsinin süni intellektin inkişafında  rolunun müzakirəsinə yönəldi. İştirakçılar süni intellektin perspektivləri və sərhədləri ilə bağlı fikirlərini bildirdilər. Saat 17:00-da müəlliflər öz əsərlərini toplantı iştirakçıları üçün imzaladılar.

Dostum Kamal Abdulla ilə yenidən görüşmək və bu görüş münasibətilə Rafiq Əliyevi tanımaq mənim üçün çox xoş oldu.

Toplantıdan əvvəl kitabı təkrar oxumuşdum, toplantıdan sonra da bəzi hissələrini yenidən gözdən keçirmişdim. Ömrünü Dədə Qorqud mətnlərinin araşdırılmasına həsr edən Kamal Abdulla sanki bu dəfə detektoru əlinə alıb yerin altında qızıl mədəni axtaran bir tədqiqatçıya çevrilmişdi. Əvvəllər mən onu Dədə Qorqudun arxeologiyası ilə məşğul olan arxeoloqa bənzətmişdim. Kamal Abdulla torpağın altını qazıb arxeoloji materiallar axtaran tədqiqatçılar kimi, hər dəfə dastanın alt qatında gizlənən yeni nələrsə tapır. Bu dəfə o, dəqiq elmlər sahəsində tədqiqat aparan bir alimlə birlikdə yerin altında “qiymətli metalların” axtarışına çıxıb. Görəsən, K.Abdulla növbəti dəfə “Dədə Qorqud” dastanının hansı bilinməyənlərinin, hansı gizlinlərinin izinə düşəcək? Hərçənd ki, müəlliflər hazırda bu araşdırmanı genişləndirməyə çalışdıqlarını qeyd edirlər. Amma kim bilir, müəlliflər tamamilə yeni baxış və yanaşmalar da ortaya qoya bilərlər.

Əsərdə 0 ilə 1 və ağ ilə qara arasında müxtəlif səviyyələr qeyd olunmuş, “Kitabi-Dədə Qorqud” boylarından buna uyğun nümunələr göstərilmişdir. Müəlliflər əcdadlarımızın Aristotel məntiqinin “ya bu, ya o” sərhədindən kənara çıxdığını diqqətə çatdırmış, ən əsası isə Dastanda ağla qara arasında çoxlu rəng və çalarların olmasını ulu əcdadlarımızın demokratik düşüncəsinin sübutu kimi təqdim etmişlər. Yəni əcdadlarımız “ya bu, ya o” demirlər, “Bu iki şeyin arasında o da ola bilər, bu da” deyirlər. 

K.Abdulla və R.Əliyevin kitabı qeyri-səlis məntiqin ictimai elmlərə ilk tətbiqidir. Beləliklə, Lütfü Zadənin arzusu yerinə yetmiş, əsər həm də onun “əziz xatirəsinə” həsr edilmişdir.

Əsəri yenidən oxuyarkən və qeyri-səlis məntiqin süni intellektin təkamülündə rolu haqqında düşünərkən, dedim, görəsən, süni intellekt “Kitabi-Dədə Qorqud” boylarına da tətbiq oluna bilərmi?

Məsələn, “Kitabi-Dədə Qorqud” dastanının 12 boyu süni intellektə yüklənsə və aşağıdakılar olsa;

Boylarda istifadə olunan sözləri tezliyinə görə sıralamaq.

Bütün dil və cümlə strukturlarını tezliyinə görə sıralamaq.

“Dədə Qorqud” kitabında bir neçə özəlliyi sadalanan, lakin ayrı bir boyu olmayan Şir Şəmsəddinin xüsusiyyətlərini də sistemə əlavə edib, sonra süni intellektdən Şir Şəmsəddinin boyunu yazmasını istəsək.

Şir Şəmsəddin kimi bir neçə qəhrəman var. Maraqlıdır, görəsən, biz də süni intellektə bu üsulla onların boylarını yazdıra bilərik?

Bu gün olmasa da, bəlkə, sabah.

Dədə Qorqud boyları bizim üçün bitib-tükənməyən bir bulaqdır. Bu bulaqdan içənlər necə də xoşbəxtdir!

https://525.az/news/241417-kitabi-dede-qorqud-ve-qeyri-selis-mentiq-kitabinin-yeni-nesri