İyun ayında İqdırda idim. Həmişəki kimi məmləkətə böyük həsrət və arzu ilə getmişdim. Yenə çöllərdə, ağaclarda atamın izini axtarıb, uşaqlıq dostlarımla köhnə günləri xatırlayacaqdıq. Bu arzularla ora vardığımda üzərimdə ağırlıq var idi. Məni heç nə maraqlandırmırdı və üstəlik, diqqətimi cəmləyə bilmirdim. Zəiflik, yorğunluq və davamlı olaraq tərləməyim məni haldan salmışdı. “Bəlkə də soyuqlamışam” deyə  özümü aldadırdım. Bir müddət ağrıkəsicilərlə keçindim. İstanbula qayıtdığımız son gecə isə heç yata bilmədim. Buna baxmayaraq, səhər tezdən yola düşdük. Maşını mən idarə edirdim. Qarsa çatanda özümü bir az yaxşı hiss etdim. Yaylanın havası və köhnə tələbəlik xatirələri məni canlandırmışdı. Amma bu, uzun sürmədi. Ərzincana çatanda bütün bədənim titrəməyə başladı. Artıq vəziyyətimi həyat yoldaşımdan və qızımdan gizlətmək iqtidarında deyildim. Maşını yolun kənarında saxladım. Biz hündür dağlarla əhatə olunmuş uzun bir vadidə sözün əsl mənasında itmişdik. Yoldan keçən maşınlar bizə fikir belə vermirdi. Sanki uzun tuneldən gələn uğultu səsi qulaqlarıma dolurdu, gözümün üstünə pərdə çəkilmişdi. Ətrafımızdakı zəngin bitki örtüyünü, hətta yanımızda olan gəlincik güllərini belə görə bilmirdim. Ara-sıra dağ zirvələrini bürüyən buludlara baxıb harada olduğumuzu anlamağa çalışırdım. İnsanlar nədənsə özünü çarəsiz hiss edəndə səmaya baxır.

Həyat yoldaşım keçmiş təcrübələrindən yararlanaraq, tez-tez islaq parça və sirkə kimi türkəçarəylə qızdırmamı salmağa çalışırdı. On beş-iyirmi dəqiqədən sonra özümə gəldim və titrəməyim dayandı. Ərzincandan qızdırma salan və antibiotiklər alıb səyahətimizə davam etmişdik. Çox zəifləmişdim, amma bütün gücümü toplayıb, yolda qalmamaq üçün keçmişlərdən nağıl danışaraq davam etmişdik.

Xəstəliyimə İstanbulda diaqnoz qoyuldu. Böyrəklərimdə daşlar var idi və qanımda iltihab çox yüksəlmişdi. Həkimlərin fikrincə, iltihabı əvvəlcə antibiotiklərlə aradan qaldırıb, sonra isə böyrək daşlarını çıxarmaq lazım idi. Antibiotik qəbul edəndən sonra bir az özümə gəldim və yaxşılaşdığımı düşündüm. Həkimin sözlərinə görə, böyrək daşları ağrıya səbəb olmasa, sonradan götürülə bilərdi. Azərbaycana səyahət üçün biletlərimizi əvvəlcədən almışıq. Məcburən yola çıxmalı olduq. Bakı gözlədiyimdən də isti idi. Otuz dərəcəni keçən isti havada evin sərinliyinə sığınırdıq. Bir həftəlik antibiotik müalicəsindən sonra qızdırmam yenidən qalxmağa başladı. Qırx dərəcəyə çıxan qızdırma bütün gücümü yox edirdi, hətta yatdığım yerdən ayağa dura bilmirdim. Həkimə gedəndə qanımdakı iltihabın hələ də davam etdiyini öyrəndim və yenidən antibiotik müalicəsinə başladıq. Azərbaycanda olduğumu heç kimə deməmişdim, amma sorağımı alan  dostlar bir-bir mənə zəng edib nə vaxt görüşəcəyimizi soruşurdular. Mən birtəhər görüşləri təxirə salırdım. Axı belə vəziyyətdə necə görüşə bilərdim? Güzgüyə baxanda qorxularım daha da artırdı. Çox arıqlamışdım və gözlərim çuxura düşmüşdü sanki. Evdəkilərin israrı ilə harasa getsəm də, ətrafda hər yeri dumanlı, sisli görürdüm. Nə gözəl mənzərələrdən, nə də yediyim ləzzətli yeməklərdən həzz alırdım. Ağzım zəhər kimi idi və heç bir yeməyin dadını hiss etmirdim.

Özümü bir az yaxşı hiss edən kimi Sabir abi (Sabir Rüstəmxanlı) zəng etdi. Onun da ayağı xəstə idi və müalicə alırdı. Görüşməyə israr etdiyinə görə xətrinə dəyməmək üçün yanına getdim. Yenicə əməliyyat olunmuşdu. O, güclə yerisə də, yavaş-yavaş sahildəki restorana tərəf getdik. Dönüb ona baxdığımda otuz il əvvəlki Frankfurt və Berlində bərabər keçirdiyimiz həyəcanlı gəzintilərimizi xatırlayırdım. O vaxt uzun, qara saçları vardı. Onun şux yeriyişi, saçlarının küləkdə dalğalanması küçədə yanımızdan keçən insanların diqqətini çəkirdi. Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Frankfurter Algemeine Zeitung”un redaktoru Dr. Lex Sabir abiyə heyran qalmışdı. Ertəsi gün bəlkə də, ilk dəfə Almaniyada bir qəzetin tam səhifəsi Azərbaycana həsr olunmuşdu.

İki yorğun və xəstə adam indi Bakıda üz-üzə oturub köhnə günləri xatırlayırdı. Azərbaycanın müstəqillik tarixinin ən önəmli simalarından biri ilə qısa müddətdə olsa da, göz-gözə oturub dərdləşmək məni yenidən canlandırmışdı.

O gecə yaxşı yatdım. Amma ertəsi gün qızdırmam yenidən qalxdı. Qəbul etdiyim müxtəlif antibiotiklərin fərqli təsirləri də görünürdü və mən qəfil meydana çıxan, heç vaxt rastlamadığım xəstəliklərlə mübarizə aparırdım. Məsələn, bir gün bütün dişlərim ağrıyırdı, ertəsi gün isə şiddətli baş ağrıları aman vermirdi.

Azərbaycanda olduğumu öyrənən 25 illik dostum, professor Çingiz Abdullayev demək olar ki, hər gün mənə zəng edib həkimə aparmaq istəyirdi. Xaricdən qayıdan şair dostum Nazim Əhmədli və professor Tofiq Məlikli kimi çox yaxın olduğum insanların zəng vurub halımı soruşması məni daha da kədərləndirdi. Çünki mən istəsəm də, onlarla görüşə bilməmişdim.

Halbuki mən bura necə arzularla gəlmişdim. İmkan olsa, Şəkiyə, Qubaya, hətta Şuşaya da gedəcəkdim. Fürsət olan kimi doğma Xəzərin sularına baş vurub, sonra da növbə ilə bütün dostlarımla görüşüb, Qarabağdakı bənzərsiz qələbənin sevincinin izlərini onların gözündən oxumağa çalışacaqdım. Başımdakı duman, gözlərimdəki zəif işıq və qollarımdakı gücsüzlük məni evə bağlamışdı. Hərdən bayıra çıxıb on dəqiqə gəzsəm də, tez yorulub evə qayıdırdım. İndi qərarımı vermişdim, Türkiyəyə qayıdıb təcili xəstəxanaya yerləşdiriləcəkdim. Bu zaman əziz dostum Kamal Abdulla zəng edib, yaxşı tanıdığım bir neçə dostunu dəvət etdi və mənim də onların arasında olmağımı istədi. Uzun tərəddüdlərdən sonra getməyə qərar verdim. Rəşad Məcid məni evdən aparacaqdı. Yolboyu Rəşad bəylə söhbət etməyə çalışdım. Amma yorğunluq ağlımı başımdan almışdı. Rəşad bəy həmişəki kimi nikbin idi. Onunla 2004-cü ildə tanış olmuşam. O gündən sonra onun görkəmində heç bir dəyişiklik görmədim.

Evə çatanda pilləkənlərlə yuxarı mərtəbəyə çıxmaqda çətinlik çəkmişdim. Birdən özümü yaşlı adam kimi görməyə başladım. İçimdən gələn iniltiləri heç kim eşitməsin deyə səsimi içimdə boğurdum.

Dostum Kamal Abdulla hoca bizi çox mehriban və səmimi qarşıladı. Orada ilk dəfə gördüyüm insanlarla yanaşı, Ramiz Rövşən, Rafiq Əliyev, Rüstəm Behrudi kimi əski dostlarım da vardı. Ramiz bəyin bir neçə şeirini alman və türk dillərinə tərcümə etmişdim. Gülərüzlü Ustadın müəllifi olduğu təmiz və duru şeiri kimi özü də yaxşı əhval-ruhiyyədə idi. Dövrünün duyğu və düşüncələrini yaxşı mənimsəyən Ramiz bəyin şeirləri hamının dilində əzbərdir. Dərhal ondan qardaşı Yaşar haqqında soruşdum. Maraqlıdır, o utancaq və iddiasız, gözəl hekayələri olan insan harada idi? Onu sonuncu dəfə on il əvvəl görmüşdüm.

Professor Rafiq Əliyevlə ilk dəfə Almaniyada Sigen Universitetində tanış olmuşdum. Orada bir azərbaycanlı elm adamının müəllimlik etməsi məni qürurlandırmışdı. İndi də Kamal Abdulla hoca ilə birlikdə “Kitabi Dədə Qorqud və qeyri-səlis məntiq” adlı tədqiqat kitabları çıxıb.

Uzun illərdən sonra Rüstəm Behrudi ilə yenidən göz-gözə gəlib qucaqlaşdıq. 1990-cı ildə məni Bakıda gəzdirmiş, vulkan kimi püskürən şeirlərini oxumuşdu. Nə vaxt onu görsəm və ya şeirlərindən birini oxusam, yadıma həmişə həbsdən yeni çıxan o dəli-dolu gənc Rüstəm Behrudi düşür. Onun “Salam, dar ağacı” şeiri Türkiyədə millətçi gənclərin dilinə düşmüşdü.

Türkiyədən elmlər doktoru, dosent Bəxtiyar Aslan da gəlmişdi. Bəxtiyar bəylə Almaniyada görüşüb, uzun-uzadı söhbət etmişdik. O, mistik ruhlu, xoşsöhbət, məlumatlı biri idi. Hətta bir müddət “Türk ədəbiyyatı” jurnalının baş redaktoru olmuşdu. O, Azərbaycanla maraqlanır, bacara bildiyi qədər Azərbaycan yazıçılarının əsərlərini türk dilinə çevirirdi.

Ortaya gətirilən çeşid-çeşid yeməklər, salatlar, içkilər marağımı çəkmirdi. Kamal Abdullanın israrlarına rəğmən, yalnız bir-iki loxma yeyə bildim. Sonra səmimi söhbət başladı. Qəzetlərdə bəzi gənc ədəbiyyat adamları Ramiz Rövşənin bir şeirini Nəcib Fazildən götürdüyünü iddia edirdilər. Halbuki Nəcib Fazilin elə bir şeiri yox idi. Buna baxmayaraq, Ramiz bəy kifayət qədər əsəbləşdi. Söhbət Necip Fazilin poeziyası və ziyalılığı ətrafında gedirdi. Nəcib Fazili sağ ikən görüb dinləsəm də, qonaqlıqdakı mübahisəyə qatıla bilmədim. Çünki uzun-uzun danışmağa taqətim yox idi. Mövzu yeni türk şeirinə keçəndə Bəxtiyar bəy Sezai Karakoçun “Mona Roza” şeirindən bir misra oxudu:

Mona Rosa, bugün bende bir hal var

Yağmur iri-iri düşer toprağa…

Hər kəs səssizcə dinlədi. Sonra Rəşad bəy Nazim Hikmətdən bir şeir oxudu. Artıq hər kəs bildiyi şairdən bir şeir oxuyurdu. Kamal Abdullanın da gözəl şeirləri olduğunu bilmirdim:

Vaxt gəlir, hər şeyin yetişir sonu,

Bu nəydi qurtardı, yox oldu, getdi?

Bu da bir həyatdı, oynadıq onu,

Bu da bir oyundu, yaşadıq bitdi…

Bir tək mən şeirlərin sehrindən uzaq, ağrılarımla baş-başaydım. Getdiyim yerdə həmişə qeydlər aparıb qonaqların adlarını yazsam da, bu dəfə orada təzəcə tanış olduğum insanların adlarını belə qeyd edə bilməmişdim.

Kamal hoca ilə vidalaşanda xeyli yorğun idim. Bir an öncə evə getmək istəyirdim. Rəşad bəyin maşınında Bakının işıqlı küçələri ilə hərəkət edəndə özümü cansız bir dünyada yaşayırmış kimi hiss edirdim: xəstəhal olduğum dünya ilə yaşadığım dünya bambaşqa idi sanki…

https://525.az/news/240527-bir-basqa-dunya–orxan-aras-yazir