XX əsrin 80-ci illərinin sonu çox hərəkətli, qaynar, hətta təlatümlü idi. Yenidənqurma və aşkarlıq fonunda ortaya atılan mənhus Qarabağ hadisələrinə reaksiya kimi Bakıda meydan hərəkatı, ilk mitinqlər və tətillər baş verir, ilk qeyri-formal, alternativ qurumlar yaranırdı. O günlərdə ölkəmizin ictimai həyatındakı yeganə müsbət cəhət Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqə Cəmiyyəti – “Vətən” Cəmiyyətinin təsis edilməsi idi. Cəmiyyətin kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan “Odlar yurdu” qəzeti oxucuların çox sevdiyi, hər sayını səbirsizliklə gözlədiyi mətbuat orqanı idi. Onun səhifələrində ən yaxın tariximizdəki ağ ləkələr, Azərbaycan Demokratik Respublikasının qurucuları, parlament üzvləri, himni, gerbi, bayrağı, pulları, siyasəti, mübarizəsi haqqında son dərəcə maraqlı məlumatlar dərc edilirdi. Onun hər sayında üç əlifba sxem halında verilir, yanına da illüstrasiya olaraq bir neçə bayatı, yaxud kiçik bir şeir qoyulurdu. Beləliklə, oxucular əlifbaları tutuşdurub öyrənirdilər. Mən özüm də “Odlar yurdu”nda “Ana dili” adlı bir rubrika aparırdım.

Qəzetdə tanınmış həmvətənlərimizlə maraqlı müsahibələr, onların qürbətdə nəşr etdikləri qəzet və jurnallar, yaratdıqları cəmiyyət, mərkəz və ocaqlar, keçirdikləri tədbirlər haqqında yazılar çap olunurdu. Qəzetin elanlar guşəsində İkinci Dünya müharibəsində itkin düşən vətən övladları və tapılan insanlar haqqında məlumatlar verilirdi. Sərt KQB rejimi fonunda ictimai fikrə ilk dəfə təqdim olunan bu yazılar qəzetə böyük nüfuz qazandırırdı. Bu qəzetin redaktoru Ramiz Əskər idi. Məncə, onun fəaliyyətini jurnalist, tərcüməçi və alim kimi üç rakursda nəzərdən keçirmək lazımdır.

RAMİZ ƏSKƏR – JURNALİST

Ramiz Əskər yaxşı təhsil almışdı; orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş, əlaçı tələbə kimi üçüncü kursdan Moskva Dövlət Uni-versitetinə göndərilmiş, 1978-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıtmışdı. Bir neçə il Azərbaycan radiosunun türkcə verilişlər redaksiyasında ədəbi işçi və yeddi dildə çıxan “Azərbaycan bugün” jurnalının redaktoru olmuşdu.

O vaxtlar “Vətən” Cəmiyyəti çox qonaq-qaralı idi. ABŞ konqresmeni Cim Mudi, xaricdəki Azərbaycan mənşəli alimlərdən professor Turxan Gənceyi, professor İren Melikoff, professor Qulamrza Səbri Təbrizi, professor Əli Yavuz Akpınar, şair Əbdüllətif Bəndəroğlu, türkiyəli elm adamlarından Sərvər Tanilli, İlbər Ortaylı, italyan alimi Canpyero Bellinceri, Azərbaycan Kültür Dərnəyinin (Ankara) rəhbərlərindən Məhəmməd Kəngərli, Əhməd Qaraca, Yəhya Daşdələn, “Ana dili” qəzetinin (Bonn) redaktoru Dr. Nurəddin Qərəvi, “Xəzər” jurnalının (İstanbul) redaktoru Həmid Turan, “Dədə Qorqud” jurnalının (Madrid) redaktoru Cəlal Erkin, adlı-sanlı rəssamlar Əkbər Behkəlam və İbrahim Əhrari, fotoqraf Rza Diqqəti, “Amerikanın səsi” radiosunun əməkdaşları Həsən Cavadi, Bulud Mehmandarlı, Mirzə Xəzər və başqaları ilə “Odlar yurdu” qəzetində tez-tez müsahibələr, reportajlar, yazılar verilirdi ki, bunların da böyük əksəriyyətini Ramiz Əskər şəxsən özü yazırdı.

1988-ci ilin sentyabrında “Odlar yurdu”nda “Bu barədə ilk dəfə” rubrikasından “Məmməd Əmin Rəsulzadə” sərlövhəli geniş bir yazı dərc edildi. Bununla da mətbuatda əsl yenidənqurma başlandı, tabu və qadağalar dövrü başa çatdı. Ümumiyyətlə, bu qəzet milli azadlıq hərəkatını dəstəkləyir, milli şüurun oyanmasına və inkişafına böyük töhfə verirdi. 1988-ci ildə xaricdə yaşayan həmvətənlər haqqında qələmə aldığı silsilə yazılarına görə Ramiz Əskər Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatına layiq görüldü, sonrakı illərdə ölkəmizin mətbuat sahəsində verilən “Həsən bəy Zərdabi” və “Humay” mükafatlarını, Türkiyənin “Yeni Orhun”, Küveytin “İslama xidmət” ödüllərini də aldı.

Mənhus 20 Yanvar faciəsi günlərində də Ramiz Əskər əsl vətəndaşlıq nümunəsi göstərdi, “Vətən” Cəmiyyətinin teleksi vasitəsilə Bakıda törədilən faciənin miqyası barədə xaricdəki kütləvi informasiya vasitələrinə və beynəlxalq təşkilarlara ingilis və türk dillərində məlumatlar verərək informasiya blokadasını yardı.

“Odlar yurdu”ndan sonra Ramiz Əskər jurnalistika sahəsində fəaliyyətini başqa mətbuat orqanlarında davam etdirərək “Hürriyet” (İstanbul) qəzetinin və Uluslararası Haber Ajansının (Ankara) xüsusi müxbiri, “XXI əsr” və “Meydan” qəzetlərinin redaktoru oldu, Azərbaycan Jurnalistlər Birliyinin katibi və baş katibi vəzifələrində işlədi. KİV sahəsindəki çoxillik və səmərəli fəaliyyətinə görə Ramiz Əskər “Azərbaycanın Əməkdar jurnalisti” fəxri adına layiq görüldü. Əlavə olaraq deyim ki, o, mənzil-qərargahı Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun, Avrasiya Yazarlar Birliyinin (Ankara), Özbəkistan Yazarlar Birliyini və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

RAMİZ ƏSKƏR – TƏRCÜMƏÇİ

Yeni minillikdə Ramiz Əskər yeni bir keyfiyyətdə üzə çıxdı; o, jurnalistikadan elm sahəsinə keçərək Bakı Dövlət Universitetində fəaliyyətə başladı. Əvvəlcə türkologiya kafedrasında dərs dedi, Azərbaycan və rus bölmələrində “Türk mədəniyyət tarixi”, “Türkologiyanın əsasları”, “Qədim türk yazılı abidələri” fənlərini tədris elədi, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu bilig”, “Manas” üzrə xüsusi kurslar apardı.

Ramiz 2007-2012-də filologiya fakültəsi bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri oldu, ümumi ədəbi-mədəni və tədris ehtiyaclarını nəzərə alaraq dilimizə çevriləcək əsərlərin siyahısını tutdu. İlk iş olaraq məşhur tarixçi, İstanbul universitetinin professoru Faruq Sümerin “Oğuzlar” əsərini tərcümə etdi. 9 min nüsxə tirajla çıxan bu kitab iki həftə ərzində satılıb qurtardı. Sonra gündəliyə Yusif Balasağunlunun “Qutadğu bilig” poeması və Bahəddin Ögelin “Türk mifologiyası” kitabı gəldi.

2006-ci ildə növbə türkologiyanın ən böyük və mühüm əsəri “Divanü lüğat-it-türk”ə çatdı. Azərbaycanın elmi və ictimai fikri bu tərcüməni 1926-cı ildən, yəni I türkoloji qurultaydan bəri gözləyirdi. Heç kim bu gərgin və çətin işə girişmək istəmirdi. Məsələn, akademik Vasim Məmmədəliyev deyirdi ki, 4 cildlik bu əsəri tərcümə etmək üçün tərcüməçi maaşı saxlanmaqla 4 il əsas işindən ayrılmalı və ona yüksək qonorar verilməlidir. Məncə, haqsız deyildi. Ancaq Ramiz Əskər heç bir təşkilatdan sifariş almadan, heç bir qonorar-filan istəmədən (gözləmədən) ömrünün bir neçə ilini bu nəcib işə həsr etdi. DLT-nin nəşri üçün çox çalışdı, burada sponsor tapa bilmədi, tapdığı sponsor isə “Divan”ı divan, yəni mebel sanmışdı. Gerçəyi biləndə isə demişdi: “Get işnən məşğul ol!” Ramiz çarəsiz qalıb Süleyman Dəmirələ qədər gedib çıxdı. Sonra əsəri rus dilinə də tərcümə elədi.

DLT işıq üzü görəndə Anar müəllim “Ədəbiyyat qəzeti”ndə “Mədəniyyətimizin bayramı” adlı məqalə yazmış, bu fakta böyük dəyər vermişdi. AYB-nin Natəvan klubunda, Azərbaycan Mədəniyyət (Yaradıcılıq) Fondunda, Bakı Slavyan Universitetində, Dillər Universitetində, Türk Dil Qurumunda Süleyman Dəmirəlin və məşhur türkoloqların iştirakı ilə əsərin möhtəşəm təqdimatı keçirildi.

Yadıma düşmüşkən, burada bir faktı xatırlatmaq istərdim. Salih Mütəllibov “Divan”ı özbək dilinə tərcümə edəndə elmlər namizədi idi. Tərcüməyə və cildlərə yazdığı qeyd və şərhlərə görə sovet AAK-ı müdafiə etmədən ona elmlər doktoru diplomu verdi. Bir qrup alim bizim AAK-a bu məzmunda bir məktubla müraciət eləmişdi, ancaq Ramiz “DLT-nin morfologiyası”mövzusunda doktorluq dissertasiyası yazdı. Namizədlik işini isə “Qutadğu bilig” üzrə yazmışdı. Başqa cür ola da bilməzdi, çünki bu iki əsəri ölkədə ondan yaxşı bilən yox idi (məncə, elə indi də yoxdur), Ramiz Əskər bu iki kitabı əvvəl tərcümə etmiş, sonra hər biri üzrə sanballı monoqrafiya və bir neçə kitab qələmə almışdı.

Ramizin türk, özbək, qazax, türkmən, qırğız, uyğur, tatar, başqırd, qaqauz dillərindən tərcümələri var. Məsələn, türkmən dilindən 11 kitab, o cümlədən, Nurməhəmməd Əndəlibin, Dövlətməmməd Azadinin, Məxdumqulu Fəraqinin (2 kitab), Abdulla Şahbəndənin, Molla Nəfəsin (2 kitab), Oraz Yağmurun, Qurbanqulu Berdimühəmmədovun kitablarını çevirmiş, türkmən şeiri antologiyasını, “Türkmən müəmmaları, deyişmələri və vücudnamələri”ni tərtib, tərcümə və nəşr etmişdir.

Özbək dilindən çevirdiyi kitabların sayı daha çoxdur. Baburun “Seçilmiş əsərləri” və “Baburnamə”si, Əlişir Nəvayinin xəmsəsi (5 cild), seçilmiş əsərləri (2 cild), risalələri (2 cild), Sultan Hüseyn Bayqaranın divanı, klassiklərdən Əmirinin və Nadirənin seçilmiş əsərləri, istedadlı şairə Xasiyyət Rüstəmin, tanınmış nasir Xeyrəddin Sultanın kitabları, “XX əsr özbək şeiri antologiyası” bunlardan ən vacibləridir.

Qazax dilindən məşhur “Qız Cibək” dastanını, repressiya şairi Mağcan Cumabayın iki kitabını (“Ölüm, mənə ağı de” və “Türküstan”), şair Qasım Amanjolovun şeirlərini ana dilimizə çevirən Ramiz Əskər dahi Abayın şeirlərinin Bakıda çıxan ən son nəşrinin redaktoru olmuşdur.

Tatar ədəbiyyatının bir sıra nümunələri onun syəsində azərbaycanca səslənmişdir: Abdulla Tukayın seçilmiş əsərləri və “Millətim” adlı kitabı, müasir tatar şairi Robert Minnullinin “Bülbüllərin toyu” kitabı, Krım tatar şairi Bəkir Çobanzadənin “Seçilmiş şeirləri” və “Seçilmiş bədii əsərləri” bunlara misal ola bilər.

Ramizin türk dilindən çevirdiyi əsərlər də öz ədəbi-bədii, tarixi və türkoloji sanbalı ilə seçilir. Bunlardan ümumi həcmi 1260 səhifə olan “Türk ədəbiyyatı tarixi” (2 cild), Mehri Xatunun divanı, müasir şair Əli Ağbaşın seçilmiş əsərləri, Rəcəb Albayrağın “Türklərin İranı” (2 cild) adlı fundamental araşdırması göstərilə bilər. Əlavə olaraq ünlü mədəniyyət tarixçisi İbrahim Qəfəsoğlunun “Türk milli kültürü” və məşhur tarixçi Osman Turanın “Türk cahan hakimiyyəti məfkurəsi tarixi” kitablarını qeyd etmək lazımdır. Bu iki kitab türkologiya üçün çox mühüm əhəmiyyət daşıyır.

Bunlardan başqa, qırğız alimi Gülzura Cumakunovanın “Toktoqul” əsəri, qaqauz şairi Todur Zanetin “Ana dilim” adlı şeirlər məcmuəsi,”Monqolların gizli tarixi” və bir sıra kitablar Ramizin Azərbaycan oxucularına hədiyyəsi hesab oluna bilər.

Bu bölməyə yekun vuraraq onu deyə bilərəm ki, Ramiz müxtəlif dillərdən ümumən 66 kitab çevirmişdir. Bunlardan sonuncu üçü türkmən qəhrəmanlıq dastanı “Goroğlu”nun ana dilimizə tərcüməsidir. Nəşrə hazır olan bu kitablar 2024-cü ildə işıq üzü görəcəkdir.

RAMİZ ƏSKƏR – ALİM

Ramiz Əskər çox məhsuldar alimdir. O, 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasının, 2016-cı ildə türkologiya kafedrasının müdiri seçildi, 13 il kafedra müdiri vəzifəsində işlədikdən sonra 2023-cü ildə türkoloji araşdırmalar mərkəzinin müdiri oldu. Bilindiyi kimi, müdir olmaq alimin vaxtını çox alır. Buna baxmayaraq, Ramiz bu günə qədər 300-dən artıq elmi əsər, 28 orijinal kitab, monoqrafiya, dərs vəsaiti, proqram yazdı. Onun ilk kitabı 1987-ci ildə qələmə aldığı “İqlimdən iqlimə, təqvimdən təqvimə” adlı kitabdır. Burada dünya təqvim sistemləri, il, fəsil,  ay, həftə, gün, saat, dəqiqə haqqında heyrətli dərəcədə zəngin faktlar var.

Onun əsərlərinin digər bir qrupu DLT və “Qutadğu bilig”lə bağlı yazdığı kitablardır. 2008-ci ildə Mahmud Kaşğarinin 1000 illik yubileyinə hədiyyə olaraq Ramiz bir neçə kitab yazdı. Bunlardan “Mahmud Kaşğari və onun “Divanü lüğat-it-türk əsəri” (432 s.), “Dahi türk dilçisi Mahmud Kaşğari” (176 s.), “Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici” (96 s.), “Mahmud Kaşğarinin DLT əsəri üzrə biblioqrafik və qrammatik göstərici”(192 s.), “Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin tədrisi” (192 s.) kitablarını göstərmək mümkündür.

2016-cı ildə isə dahi şair və mütəfəkkir, görkəmli dövlət xadimi Yusif Balasağunlunun 1000 illik yubileyi idi. Ramiz Əskər bu yubileyə də layiqli töhfələrlə gəldi, “Qutadğu bilig” adlı monoqrafiya (320 s.), “Qutadğu Bilig hikmətləri” (136 s.) kitablarını yazdı, 21 dildə 3000 məxəzi ehtiva edən “Yusif Balasağunlu və “Qutadğu bilig” biblioqrafiyası” (336 s.) hazırladı.

Biblioqrafiyalardan söz düşmüşkən, Ramiz Əskər fəlsəfə doktoru Nailə Əskərlə birlikdə 2017-ci ildə “Kitabi-Dədə Qorqud biblioqrafiyası” (I cild, 624 s. və II cild, 336 s.) kitablarını nəşr etdirdi. Bu, Azərbaycanda həcmcə ən böyük biblioqrafiyadır, burada 48 dildə 8841 mənbə toplanmışdır.

Ramizin xarakterinin başqa bir cizgisini qeyd edim. 2011-ci ildə o, Orxon abidələrini görmək və tədqiq etmək üçün Monqolustana getdi. BDU yol məsrəflərini ödədi, ancaq iaşə, otel və texniki xərcləri o özü qarşıladı. Təsəvvür edin ki, Monqolustan Azərbaycandan təxminən 20 dəfə böyükdür, abidənin biri Təbrizdədirsə, biri Dərbənddədir, biri Bakıdadırsa, biri Ərzurumdadır. Bunca uzaq məsafələri qət etmək, bunun üçün “Villis” maşını kiralamaq, maşına benzin, sürücüyə yemək və əmək haqqı vermək lazımdır. 10 gün orada qalmaq üçün nə qədər pula ehtiyac var? Bunu kim eləyə bilər? Dəvəsi ölmüş Ramiz Əskər! Satdı maşınını, xərclədi bu işə. Kitabı da çap elədi. Bildiyimə görə, Monqolustandakı Orxon abidələrindən yalnız birini, Ulan-Batordan 90 km şərqdə yerləşən Tonyukuk abidəsini Anar müəllim və xarici işlər naziri ikən o ölkəyə yolu düşən alim-diplomat Vilayət Quliyev ziyarət etmişdi. Digər abidələri, o cümlədən, Ulan-Batordan 500 km uzaqda yerləşən Qaraqorum şəhəri yaxınlığındakı Bilgə xaqan və Kül-təgin abidələrini yalnız Ramiz görmüşdür.

2019-cu ildə Xorasanda “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması tapıldı. Ramiz dərhal həmin əlyazmanı transliterasiya edərək geniş bir ön sözlə çap elədi. Bunu alimin ən sanballı işlərindən biri hesab etmək olar.

Ramiz Əskərin monoqrafiyaları arasında Əlişir Nəvayiyə həsr etdiyi əsərlər mühüm yet tutur. Dahi şairin 580 illik yubileyi ilində onun “Əlişir Nəvayinin lirikası”, “Əlişir Nəvayi. “Şəxsiyyəti və sənəti”, “Əlişir Nəvayi və onun xəmsəsi” monoqrafiyaları çapdan çıxdı. Alimin Bakıda işıq üzü görən “Əlişir Nəvayi və onun xəmsəsi” və “Özbək ədəbiyyatından tədqiqatlar” kitabları Daşkənddə özbək dilinə tərcümə olunaraq nəşr edildi. Bundan başqa, Ramiz Əskərin “Mustaqillik davri Ozarbayjon adabiyoti” kitabı da özbəkcə buraxıldı. Həmin kitab indi Bişkekdə qırğız dilində çapa hazırlanır. 

Akademik araşdırmalarına və tərcümələrinə görə Ramiz Əskər Türkiyənin “Türk Dünyasına xidmət” və “Qızıl alma” ödüllərinə, Özbəkistanın “Babur”, Türkmənistanın “Altın əsr”, Ukraynanın “Bəkir Çobanzadə”, Rusiyanın “Qaysın Quliyev”, Beynəlxalq Türk Aka-demiyasının “Vilhelm Tomsen” mükafatına və “Əlişir Nəvayi” qızıl medalına, Azərbaycanın “Nizami Gəncəvi” və “Rəsul Rza” ödülünə, Özbəkistanın,  Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın, Tatarıstanın və TÜRKSOY-un medallarıyla təltif edilmişdir. O, Daşkənddəki “Turan” Elmlər Akademiyasının akademiki, Babur adına Əndican Dövlət Universitetinin fəxri professoru, Nəvayi şəhərinin fəxri vətəndaşı seçilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü ildə Ramiz Əskəri ölkəmizin “Şöhrət” ordeni ilə təltif etmişdir. 2022-ci ildə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev onu qardaş ölkənin ali mükafatlarından biri olan “Dostluq” ordeninə layiq görmüşdür.

Düzünü desəm, mən lap çoxdan Ramizi dərvişə bənzədirdim. Gənclikdən bəri saqqal saxlayan, Anar müəllim kimi çiynində çanta ilə dolaşan Ramiz rast gəldiyi dosta-tanışa yeni kitablarını hədiyyə edirdi. Bu çanta dərviş kəşkülü idi, içi daima kitabla dolu olurdu.

Böyük türk xalq ozanı Yunus Əmrə dərvişlik haqqında demişdir: “Dərvişlik olsaydı tac ilə xirqə, / Biz dəxi alardıq otuza-qırxa”. Yəni 30-40 axçaya biz də ala bilərdik. Demək, gerçək dərvişlik nə tacdır, nə də xirqədir, o, daha ülvi və ali bir ruhi, mənəvi məqamdır. Ötən əsrin ilk onilliklərində bizdə bütün varlığı ilə elmə, vətənə bağlı dərvişlər olub. Onlar çiyinlərində heybə Azərbaycanı el-el, oba-oba, qarış-qarış gəzərək söz xəzinəsi, kitablar, əlyazmalar toplamışlar. Məsələn, Məhəmməd Hüseyn Təhmasib, məsələn, Salman Mümtaz, Hümbət Əlizadə… Artıq bizdə dərviş qalmayıb, digər ölkələrdə varsa – var, bizdə bu insan növü “Qırmızı kitab”dadır.

Ramiz Əskərin dərvişliyinin digər cəhəti odur ki, o, təkcə Azərbaycanı deyil, bütün Turanı gəzir. İndiyədək Kosovodan, Krımdan, Tuvadan, Xakasiyadan, Altaydan tutmuş Orta Asiyaya, Çinə, Monqolustana qədər türklər yaşayan hər yerdə olmuş, təxminən 80 beynəlxalq forum, simpozium və konfransda iştirak etmiş, məruzələr oxumuşdur.

Dostumuz və həmkarımız Ramiz Əskəri yubileyi münasibətilə ürəkdən təbrik edir, sevənlərinə və sevdiklərinə xoşbəxtlik arzu edirik!

https://525.az/news/249188-dovrumuzun-dervisi–kamal-abdulla-yazir