Böyük ustad Umberto Eko ilə onun evində görüşdük. Mən elə güman edirdim ki, bu nəzakətli və təmənnasız dəvətin “ömrü”, təxminən, 10-15 dəqiqə çəkəcək. Sandro Teti də belə düşünürdü. Amma bu görüş nə az, nə çox, iki saat çəkdi. Ustad lütfkarlıq edib qonaqlarını – məni və Sandro Tetini öz ev-studiyasında liftin qabağında qarşıladı, qonaqpərvərlik göstərdi, və sonra bizi öz zəngin kitabxanasında xeyli gəzdirdi, gözəl italyan çaxırına qonaq elədi. Ən əsası elə bir ünsiyyət mühiti yaratdı ki, bizə elə gəldi, biz bir-birimizi çoxdan tanıyırıq. Onu qaraqabaq, adamayovuşmaz deyirlər, amma qətiyyən belə deyildi.
Sandro “Yarımçıq əlyazma”nın İtaliyadakı naşiridir. Görüşü o təşkil etmişdi. Təşkil etmişdi, deyəndə ki, kitabın italyan nəşrini Ekoya göndərmişdi və ondan oxuyub fikir söyləməsini xahiş etmişdi. Gözəl və nəfis şəkildə çap edilmiş İtalyan nəşrinə önsözü Florensiya Universitetinin dünyaca məşhur professoru, orta əsrlər mədəniyyətinin görkəmli mütəxəssisi Franko Kardini yazmışdı. Məqaləsində ürək genişliyilə qeyd eləmişdi ki, “məncə bu roman professor Ekonun da xoşuna gələcək”. Oxuduqca mən özümü göyün yeddinci qatında hiss edirdim. Və Kardini Ekonun dostu idi. Məncə, əlçatmaz Eko kitabı daha çox Kardininin belə bir “daşdankeçən” önsöz yazmasına görə maraqlanıb oxumuşdu. Əvvəlcə o mənə kitabı ona göndərdiyim üçün kiçik bir təşəkkür yazdı, sonrakı bir məktubda isə mənimlə Sandronu Milana, evinə dəvət etdi. Mən bu arada Romada idim. Roma Beynəlxalq kitab fuarında“Yarımçıq əlyazma”nın təqdimatı keçirilirdi və eyni zamanda Vatikan Universitetində mənimlə görüş və müzakirə təşkil edilmişdi. Müxtəlif qəzetlərə və bir TV-yə müsahibələr verəcəkdim. Qərəz, Sandro Teti məni əməlli-başlı “istismar” edirdi. Bütün bunları ləzzətlə və bir qədər də səbirsizliklə yola verdik. Sonuncu tədbirdə Vatikan Universitetinin gözəl professor xanımı roman barədə özü qədər gözəl məruzə ilə auditoriyadakıları sözün əsl mənasında ovsunladı və Romada işləri bu şəkildə bitirdikdən sonra biz Sandro ilə birlikdə hava alanına getdik və Milana uçan təyyarəyə oturduq.
…Budur, Milanın qədim qala divarlarının üzbəüzündəki gözəl Kastello (Qəsr) meydanlna gəlib çatırıq. Taksidən düşüb ətrafa boylanıram. Meydanın o biri tərəfi qala divarlarının arxasında gizlənən köhnə, balaca Milan… Bu qala divarları bir anlıq Bakıdakı Sabir heykəlini və arxasındakı bizim qala divarlarını yadıma salır. Bir az da bürcləri ilə Moskva Kremlinin divarlarına bənzəyir. Meydanın biz durduğumuz tərəfində isə əzəmətli roman üslubu hökm sürməkdədir. Binalar klassik memarlığın parlaq nümunəsi kimi bir-birini ləyaqətlə tamamlayır. Hər guşədən zənginlik yağır. Bu da Kastello, 13. Ekonun evinin önündəyik. İkinci mərtəbəyə qalxmalıyıq. Sandro domofonun düyməsini basır.
O özü bizi liftdən düşən yerdə qarşılayır. Hərəkətlərindən mehribanlıq yağır deməzdim, daha dəqiqi budur – mehribanlıq hiss edilir. Evə daxil oluruq. Bizi salona dəvət edir. Soyunub cürbəcür kitablar, suvenirlər, şəkillərlə süslənmiş işıqlı – ən çox yadda qalan salonun bol işığı oldu – işıqlı və geniş salona keçirik. Ağ tül pərdənin yüngülcə canına sarmaşdığı pəncərədən o tərəfdə – Milanın qala divarları…
Eko qayğıkeşliklə bizdən nə içəcəyimizi soruşur. Kresloda yerimi rahatlaya-rahatlaya fikrimdən bu keçir: “Qaraqabaq dedikləri adam budur?!” Mən artıq özümü çox rahat hiss etməyə başlayıram.
Xidmətçi qadın əvvəlcə qəhvə gətirir. O, məşhur italyan filmi “Yolagəlməzin ram edilməsi”ndə inadkar Çelentanonun qaradərili vəfalı xidmətçisinin tam eynidir. Qəhvə içə-içə və “xoş-beş”dən sonra söhbət yavaş-yavaş öz məcrasına düşür. Biz heç bir kəşfiyyat-filan aparmadan, onun yaratdığı auranın təsirilə min ilin tanışları, həmfikirləri kimi söhbətə başlayırıq. Söhbətin lap əvvəlində o mənə öz ilk və qəfil sualını verir (sualı olduğu kimi yazıram, çünki Sandroya dönə-dönə tərcümə etdirmişəm):
– Məndən burda bizim kretinlər soruşan kimi, sizdən də sizdəki kretinlər orda soruşdularmı, bu əlyazma həqiqətən var, ya yoxdur?
Təəccüb içində quruyub qalıram. “Bu adam arakuldu, nədi?!”
Onu hökmən qeyd etmək istəyirəm ki, Umberto Eko bu sualı verərkən məndən cavab gözləmədi. Daha doğrusu, onu konkret adlar, əlbəttə ki, maraqlandırmırdı. Ustad, məncə, öz həyatında olmuş hadisəni bu cür xatırlayıb mənə ürək-dirək vermək istəyirdi. Mən ona şikayətlənməsəm də, o çox gözəl bir şəkildə duymuşdu ki, bu, elə belə də olmalıdı. Həqiqətən də, bu, belə olmuşdu. Soruşurdular. Kretin olmayanlar da soruşurdu. Kretinlər isə hər yerdə eyni kretinlərdir…
Ardı var…
Şərh yoxdur