Azərbaycan ədəbiyyatında isə postmodern nəsrin aparıcı imzası Kamal Abdulladır. Onun “Yarımçıq əlyazma” romanı ilə Azərbaycan ədəbiyyatında postmodern dekanonizasiya əsasında polifonik roman yaranır.

Kamal Abdulla yaradıcılığında postmodern elementlərə “Yarımçıq əlyazma” romanından əvvəl yazdığı hekayə və dram əsərlərində də rast gəlinir. Kinoşünas Aydın Dadaşov “Postmodernizm modernizmin inkarı kontekstində” məqaləsində Kamal Abdulla dramaturgiyasını nəsr əsərləri ilə müqayisəli şəkildə təhlil edir: “Kamal Abdullanın “Şah İsmayıl, yaxud hamı – səni sevənlər burdadır..” pyesi mövzu baxımından tarixi, ictimai, üslub cəhətdən postmodernizm, janr təyinatına görə isə psixoloji dram göstəricilərini özündə birləşdirir” [51 | səh. 66]. Yazıçının “Edam vaxtını dəyişmək olmaz” kitabındakı hekayələr postmodern elementlərlə zəngindir.

Professorlar Asif Hacılı və Pərvanə Bəkirqızı Kamal Abdulla yaradıcılığında mifopoetika anlayışını postmodern kontekstdə şərh edirlər. Asif Hacılıya görə, “Kamal Abdullanın pyeslərində, romanlarında və hekayələrində yeni üslub özünü həm zahiri, həm də daxili qatlarda göstərir” [93 | səh. 125]. Pərvanə Bəkirqızı bu yanaşma tərzini əsas götürərək Azərbaycan ədəbiyyatında postmodernizm estetikasının formalaşmasını və mahiyyətini analiz edir: “2000-ci illərdən etibarən postmodernizm estetikası Azərbaycan ədəbiyyatında, xüsusən dramaturgiyada bu yeni dünyadərkinin və dünyaduyumunun əksi kimi bədii nümunələrdə əksini tapmaqdadır; əksərən də tarixi rəvayət, mif süjetlərindən ibarət olan mətnlər illüziyalar, reminissensiyalar ilə ətə-qana dolur” [43 | səh. 177]. Kanonlar, bütlər və tabular dağıdılır. Azərbaycan nəsrində postmodern mərhələ başlayır. Ədəbiyyatda dekanonizasiya məsələsi ədəbiyyat tarixi qədər qə- dimdir. Hərçənd terminin özü gəncdir. Dekanonizasiya anlayışı daha çox modernist və postmodernist ədəbiyyatda öz əksini tapıb. Tarixən ən sadə və zəruri kanonlara əməl etməyən onlarla böyük yazıçı da mövcuddur. Deməli, yazıçıları şərti olaraq iki qrupa ayırmaq mümkündür: kanonlara əməl edənlər və etməyənlər. Servantes, Hüqo, Stendal, Dikkens, Markes qaydalara həssaslıqla əməl edirlər. Balzak, Coys, Prust, Selin, Kortazar kanonları dağıtmaqla yanaşı heç də digər yazıçılardan geri qalmayan böyük sənət nümunələri ortaya qoyublar. “Bir çox yazıçılar öz dövrlərinin xüsusiyyətlərinə, meyarlara və üslubçuluğa meyil edərək yazırlar” [300 | səh. 37]. Bir qismi də heç bir qayda tanımır. Postmodern epoxada isə kanonlar nəinki dəyişdirilə bilər, hətta nəzərə almamaq da mümkündür. Jak Derridanın “Qanun qarşısında” və “Qanun növü” məqalələri həm postmodern ədəbiyyatın nəzəri əsaslarında böyük boşluğu doldurdu, həm də qaydasız, kanonsuz ədəbiyyatın da qayda olduğunu göstərdi. Dekanonizasiya da postmodern ədəbiyyatın bir növüdür, qanunudur. “Ədəbi fikir nədir?” sualına Jak Derrida Frans Kafkanın “Qanun qarşısında” hekayəsini təhlil etməklə cavab verir. Hekayənin ədəbi əsər olub-olmadığını kim deyə bilər? Qanunları kim yazıb? Alışdığımız kanonlar var və o kanonlara istinadən hansısa mətnin ədəbi, yaxud elmi əsər olduğunu deyirik. Postmodern ədəbiyyatda kanonlar dağıdılır. Bəzən isə yenidən qurulur. Köhnə mətn, hadisə, əhvalat və əsatir dekonstruksiyaya məruz qalır. Azərbaycan ədəbiyyatında Kamal Abdulla “Kitabi-Dədə Qorqud” eposunu dekanonizasiya edərək yeni və oyun estetikasına malik çoxqatlı mətn yazır. Tarixin yeni yozumu, qatılaşmış dəyərlərin adiləşməsi ilə qarşılaşırıq. Hökmdar və xalq, müdrik və avam, doğru və yalan arasındakı sərhədlər götürülür. Çevrilmə prosesi mahiyyətin elmi-fəlsəfi, bədii-estetik dərkinə yönəlir. “Bizim ictimai təfəkkürümüzdə tarixən gələn romantik padşahlıq kultu var; “Yarımçıq əlyazma” tarixi taxtdan salmağa cürət elədi… Bu əsl postmodern roman modeli idi” [71 səh. 550]. Bütlərin dağılması gündəlik məişət hadisəsindən tutmuş böyük ictimai-siyasi, sosial-mədəni tarixə qədər olan vaxt vahidini əhatə edir. Romandakı detektiv süjet xətti – Oğuz elindəki casusun axtarışı isə oyun estetikasını daha da dərinləşdirir.

Kamal Abdullanın “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox” romanlarında da kanonlar dağıdılır. “Sehrbazlar dərəsi” qatılaşmış, qanun halına gəlmiş intiqam hissinin yox edilməsindən danışır. “Unutmağa kimsə yox” romanı paralel, sonsuz ömür və həyatlara işıq salır. “Yarımçıq əlyazma” romanı isə Azərbaycan ədəbiyyatında uğurlu dekonstruksiya- dir.

Kafkanın “Qanun qarşısında” hekayəsində bir kəndli hər gün bir idarədə qanun qarşısında dayanıb icazə gözləyir. Onu isə ora dəvət edən yoxdur. Günlərlə min bir zəhmətə qatlanan kəndliyə qanun keşikçisi deyir: “Bu qapıdan keçməvə başqa heç kim icazə ala bilməzdi, ona görə ki bu qapı yalnız sənin üçün nəzərdə tutulmuşdu. İndi mən onu bağlayıb gedirəm” [410]. Kamal Abdulla “Yarımçıq əlyazma” romanında klişe və tabu, büt və kanon sərhədlərini əsaslı şəkildə keçən mətn ortaya qoyur. Doğru kim üçün doğrudur, əyri niyə əyridir? O, pisdir, bu, yaxşıdır. Əsrlərdir, dastan personajları və Şah İsmayıl barədə standart düşüncələr özünü təkrar etməkdədir. “Yarımçıq əlyazma” romanında dekanonizasiya düşüncə sərhədlərini dağıdır, onlara yeni və fərqli cığırlar açır.

“Yarımçıq əlyazma” öyrəşdiyimiz həqiqətləri yaxınlaşdırır və qəfildən elə uzaqlara aparır ki, onu dərk üçün vaxt, düşüncə sərf etməlisən. Yəni “Kitabi-Dədə Qorqud” eposundan bizə məlum olan şəxslər mövcuddur; həmin personajlar fikrimizdə, düşüncədə, mifik və arxetip yaddaşımızda yaşayırlar. Bu baxımdan bizə çox yaxındırlar. Uzaqlaşan anlayış isə dastan qəhrəmanlarının yeni, fərqli formatda təqdimidir. İç Oğuzun Dış Oğuza, Dış Oğuzun İç Oğuza çevrilməsi oxucunu ilk baxışda çaşdırır. Oxucu təfəkküründə xaos yaranır. Axı alışdığımız, hamının bütləşdirdiyi şəxslər qəflətən yer dəyişib, yaxud yeni görkəmdə təqdim edilib. Məsələn, Anarın “Dədə Qorqud” ssenarisi heç kəsdə əlavə fikir və duyğular yaratmır. Çünki Anar mövcud dastan, hadisə və personajlara əsasən mətn yazıb. Kamal Abdulla isə yeni, postmodern, ədəbi moda sistemi formalaşdırır. Bu fərqin necəliyini, niyəliyini tapmaq üçün Bartın modern və postmodern yazı, eləcə də ədəbiyyatla bağlı “Moda sistemi” kitabının nəzəri xüsusiyyətlərini “Yarımçıq əlyazma”ya tətbiq zərurəti yaranır. Əslində, romanın strukturu buna imkan verir. Moda təkcə yeni dəb demək deyil. Həm də köhnənin yeni tərz və üslubda təqdimidir. “Yarımçıq əlyazma” romanında belə səhnə var: “Sürməlicə çeşmə qız bir xeyli susu verdi. Sonra ah eyləyib mənə bunları söylədi: “Qorqud Ata, suç kimindir, maraq edərsən? Suç məndən oldu. Bəli, mənə belə baxma. Məndən oldu günah. Bu qəziyyənin ömrü uzundur. Beyrəyin də Bəkillə qarşı-qarşıya durması elə-belə boş bir iş deyil. Yadındamı, Qorqud Ata, Bəkil məni atının yəhərinə sıxıb necə qaçırdı?! Yadında deyilmi? Sən, ola ki bilmirsən bu işi. O arada Beyrək evimizin dörd ətrafına dolana qalmışdı. Hələ özünün düyününə xeyli zaman vardı. Düyündən öncə Dış Oğuz qız avına çıxmışdı. Beyrək məni gördü, məni dilədi. O zaman onun ağzını Alp Rüstəm çöndərdi məndən” [8 | səh. 113]. Kamal Abdulla İç və Dış Oğuz arasındakı problemlərə fərqli aspektdən yanaşır. Qaydaları, qəlibləşmiş düşüncələri alt-üst edir. Sonsuz sayda ehtimallara qapı açılır. Kamal Abdulla keçmişi və indini, xaosu və harmoniyanı, nifrəti və sevgini, bütü və antibütü eyni estetik çətirin altına yığır. Mixail Baxtin polifonik romanları izah edərkən oxucunu heyrətləndirən dörd əsas xüsusiyyəti sadalayır. “Romanın strukturu, məzmunu, metod və söz tərkibi əsasdır” [210 | səh. 9]. Bu dörd cəhət ahəngdar deyilsə, polifonik romanın mövcudluğundan söhbət gedə bilməz. “Yarımçıq əlyazma” dekanonizasiya əməliyyatı həyata keçirir. Məzmun köhnə əhvalatlara əsaslanmır, təzədir. Metodlar postmoderndir. Buna ən yaxşı nümunə kimi iki paralel süjetin sonluğuna nəzər salaq: “Divanxana həyətini fəryad və ağlamaq səsləri başdan-başa bürüdü. Ürəyi gedənlər sinəsini döyənlərə qarışmış oldu. Bütün şəhər əhli artıq burda cəm idi” [8 | səh. 269]. Bu səhnənin mahiyyəti də, ifadə estetikası da polifonikdir. Şahı itirmiş ölkə əhalisi bir-birinə dəyir. Mətnin ifadə etdiyi həyat XVI əsrdəki Səfəvilər sarayında, mühitində baş verən hadisələrdir. Həmin dövrdə, o qarışıq atmosferdə bizə ötürülən məlumatlar nə qədər doğru ola bilər? Müəllifin postmodern yozumu, tarixə ironik baxış son səhnədə zirvəyə yüksəlir.  Həqiqət nədir? Həqiqət əsrlərdən-əsrlərə, dillərdən-dillərə, yazılardan-yazılara keçərkən təhrif oluna bilməzmi? Balaca bir səhnə, yarımçıq qalan final oxucu tərə- findən tamamlanmalıdır. Əlyazmanı tapan tədqiqatçının nitqi də ehtimaldır, fikirdir: “Burada, bu qəmli nöqtədə Şah İsmayılla bağlı mətn son dəfə qırılır və bitir” [8 | səh. 270].

“Yarımçıq əlyazma”nın ön sözlərində bir çox sirlər, romandakı semantik-semiotik mərkəz, ana xətt, zaman və məkan müstəvisində insan adlı varlığın müəmması, mətnin sərhədsizlik arealı üzə çıxır. Əlyazmanı tapan tədqiqatçı kitaba üç fərqli ön söz yazıb. Bu üç ayrı müqəddimə vahid estetik ideal yaradır. Əsrlər və nəsillərin həyat tərzi başqa olsa da, insanın əsl mahiyyəti dəyişibmi, bəlkə, elə eynidir? “Yarımçıq əlyazma” müəmmaları kəşf edir. Standart, süst düşünməkdən xilas üçün mesajlar verir. Rolan Bart “Moda sistemi” kitabında qeyd edir: “Semiotika dilçiliyin, dilin bir sahəsidir” [386 | səh. 246]. Barta kimi dil semiotikanın tərkib hissəsi sayılırdı. Kamal Abdulla “Yarımçıq əlyazma”da işlətdiyi çox geniş funksiyalı dillə praktiki olaraq Bartı təsdiqləyir. Semiotik mə- nalandırmalar, ədəbi funksiyalar romanın müqəddimələrində aydınlaşır və şəffaf bir sistemə çevrilir. “Oxuduqca çox mürəkkəb və vahiməli, eyni zamanda, həm də çox sadə və komik situasiyanın içinə düşdüyünü hiss edirsən” [8 | səh. 13]. Semiotik funksiya işə düşür. İlk növbədə, əsrlər arasında əlaqə, insanın mahiyyəti barədə məlumat verilir. Əslində, bu metod yazıçının oxucu ilə postmodern ünsiyyət yaratmasıdır. Mətnin estetik mündəricatı romanın müqəddiməsində öz əksini tapır. Daha sonra gerçək mətndə, əlyazmada da büt və antibüt problemi işlənir. Artıq əlyazmada vahid fikir, ideya deyil, xarakterlər, hadisələr danışır. Romanın Şah İsmayılla bağlı hissəsində insan mahiyyətinin mücərrədliyi konkretləşir. Şah İsmayıl Xızırdan şeiri necə yazdığını soruşur. “Amma demədin, sən axı bu şeirləri necə yazırsan?! O gün birini yazdın, bu gün bir başqası idi” [8 | səh. 110]. Bu hissəni semiotika baxımından təhlil edək. Keçmişdən bu günəcən hər şey bizə yarımçıq gəlib. Eyni, yeknəsəq həyat tərzi, dünyagörüşü var. Lakin yazı, şeir, ədəbiyyat belə deyil. Hər an, hər saat, hər gün, hər əsr və hər era dəyişir, insana rəngli bucaqlardan baxır, dəyərləndirir, həyata məna qazandırır. Romanın adı da təsadüfi məna və mahiyyət daşımır. Tədqiqatçının sonuncu ön sözündə deyilir: “Bizim Yarımçıq Əlyazmanın bütün digər yarımçıq əlyazmalardan, bəlkə, bir əsas fərqi var – bu fərq odur ki, bizim əlyazmanın sonu olmadığı kimi əvvəli də yoxdur” [8 səh. 201. Burada əvvəl və axırı tamamlamaq oxucunun ixtiyarına buraxılır. “Yarımçıq əlyazma” onu oxuyan oxucu sayı qədər şərh və izah edilə bilər. Sonsuz sayda mənaya, semiotik izaha ehtiyac və şərait var. Postmodern estetikada ən vacib cəhətdir. Yuxarıdakı hissəda “əlyazma” sözünün özü belə geniş semiotik çalarla zəngindir. Əlyazma yazı sənətinin keçmişi və bu günü arasında bağ qurur. Bütün əlyazmalar insanı kamilliyə yönəltsə, heç nəyi və heç kəsi bütləşdirməməyi desə də, insan həmişə özünə sərf edən kimi başa düşür. Romanda Şah İsmayılın böyük döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqlar, dövlət işlərindəki inzibati güc və səriştəsi yox, gündəlik həyatda keçirdiyi hisslər, söhbətlər qabarıq verilib. Kamal Abdulla məhz bu məqamlarda yarımçıq qalan situasiyaları, həqiqətləri tamamlayır. Əslində, yarımçıq qalan hissələr oxucunun görmədikləridir. Oxucu bu məqamları görə və duya bildikdə çevrə qapanır.

Bart “Mifologiya” əsərində yazının, romanın strukturunun onun gələcək taleyini də həll etdiyini bildirir. “Olan hadisələrdən o tərəfə adlaya bilməyən yazı (roman – Ü.B.) kütləvidir” [214 | səh. 46]. Kamal Abdulla tarixə, üzərini toz basmış həqiqətlərə yeni şərh və məna qazandırdığı üçün “Yarımçıq əlyazma” romanı elitar ədəbiyyat hadisəsidir. “Yarımçıq əlyazma” elitar ədəbiyyat hadisəsi olsa da, mütaliə prosesində yaratdığı maraq və gözlənilməz effektlər sayəsində geniş oxucu arenasına da xitab edir. Strukturun qeyri-adiliyi, paralel zamanlar içərisində paralel və çoxsəsli süjetlər yaratmaq, keçmişi yumorla dəyərləndirmək, gözlənilməzlik, bütləri dağıtmaq poststruktural romanlarda var. Bartın roman haqqında tərifi “Yarımçıq əlyazma”ya uyğundur. “Yazı – roman kütləviləşdirmənin əksinə, fərqliləşdirməyə xidmət edəndir” [385 | səh. 79].

“Yarımçıq əlyazma” romanı yazılan dövrdə Azərbaycan ədəbiyyatı belə mətn modeli ilə tanış deyildi. Məhz bu səbəbdən roman barədə haqlı, haqsız, obyektiv, yaxud qərəzli fikirlər çox yazıldı. Haqqında ən çox resenziya, məqalə yazılan, bir çox müzakirələrə yol açan Azərbaycan romanı oldu. “Yarımçıq əlyazma” haqqında yazılan resenziya, məqalə və kitabların ədəbiyyat siyahısı ən azı bir kitab həcmindədir [411]. Bu baxımdan əhəmiyyətli və praktiki səciyyə daşıyan bir neçə materiala müraciət zərurəti yaranır.

Tənqidçi Əsəd Cahangir böyük polemika doğuran “Dəmirbaşlar” essesində “Yarımçıq əlyazma” romanı və postmodernizmə qeyri-postmodern ədəbi-nəzəri düşüncə tərzi ilə yanaşır. “Postmodernsit yazıçı kimi Kamal Abdullanın düşüncəsində zamanlar arasındakı fərq silinib, buna görə onun romanının dilini çıxmaq şərtilə əsərdə ənənəvi tarixi əsərlər üçün səciyyəvi olan xüsusi kolorit yoxdur” [45 | səh. 80]. Professor Təyyar Cavadov bir cümlə ilə tədqiqatçının fikrindəki qeyri-dəqiqliyi göstərir: “Fikrimizcə, postmodernist yazıçının əsərində “ənənəvi tarixi əsərlər üçün səciyyəvi olan xüsusi kolorit” axtarmaq məntiqli görünmür [165 səh. 413]. Çünki postmodernizm tarixi, keçmişi yenidən dəyərləndirir. Tarixi dili, məkan və dövrü canlandırmaq məqsədi yoxdur. Tarix estetik dekordur. Keçmişə və tarixə çoxsəsli, alternativ baxış bucağını formalaşdırır. Hətta süjet daxilində alternativ süjet, alternativ obraz, alternativ fikir və düşüncə yaradır. “Yarımçıq əlyazma”da alternativ hadisələr “mətnin dadı”nı artırır. Bart “Mətn barədə nə bilirsiniz?” yerinə “Mətndən hansı dadı, həzzi aldınız?” sualını da verməyi böyük estetik ehtiyac kimi görür [387 | səh. 7]. Bayındır xanın casusu tapmaqda çətinlik çəkməyi, Dədə Qorqudun uşaq kimi aldadılmağı, Beyrək və Qazanın tamam yeni xarakterdə təqdim edilməyi oxucuda mətnə qarşı maraq oyadır; mətndən alınan həzz çoxalır. Mətnin postmodern estetikada yazıldığını da nəzərə alsaq, sonsuz sayda həzz qaynağı yaranır. “Yarımçıq əlyazma” romanı oxucusu ilə ünsiyyət qura bilir. Bu əlaqə kütləvi yox, elitar səciyyə daşıyır. Dekanonizasiya prosesi “Yarımçıq əlyazma”da daha çox ideya qatında baş verir. Jak Derrida dekanonizasiya məsələsinin çoxşaxəli olması fikrini irəli sürür: “Növ və ədəbi növlər, janrlar və gender daha geniş şəkildə qanun və qaydalar, kanonlar problemini də ehtiva edir, çünki bir qanunu, qaydanı müzakirə, eləcə də ifadə edir” [236 | səh. 239]. Ədəbi kanonlar, qaydalar ədəbiyyata aid hər şeyi öz tərkibinə daxil edir. Bəs bu kanonlar sərhədini keçmək olmazmı? Kamal Abdulla “Yarımçıq əlyazma” romanında əvvəlcə şüurda, ideya qatında bütləri dağıdır.

Romanda casus axtarışı, detektiv süjetdən istifadə oxucu-mətn ünsiyyətini nizama salan aparıcı mexanizmdir. Bayındır xan tərəfindən sorğu-sual edilən Qazan xan doğrunu söyləyəcəyini deyir. Məhz bu vaxt Bayındır xanla Qazanın dialoqunun arasına girən Qorqud Atanın monoloqu hadisələrə başqa bucaqdan baxmağa yönəldir. Bu da postmodern romanın rəngli strukturundan, çoxsəsliliyindən xəbər verir. “Doğru olan nədir, Qazan?! Doğru olanı söylərsən, yeni-yeni bəlalar gətirərsən qara başına, bilməzmisən?! Amma söylədiyin bu doğru olan nədir? Kim bunu bilir-qadir Tanrıdan qeyri?!…” [8 | səh. 39]. Tarixə, keçmiş əhvalatlara postmodern baxış yaranır. Mütləq doğrunun mövcud olmadığı poststruktural detallar işlənir və birləşdirilir. Artıq oxucu özü nəticə, yaxud nəticələr çıxarır.

İlqar Fəhminin “Qarğa yuvası” romanında isə “Koroğlu” dastanı dekonstruksiya edilir. Dastanla mətnlərarası əlaqə Koroğlu və Keçəl Həmzənin yeni, fərqli təqdimatı ilə nəticələnir. Eposun müsbət qəhrəmanı Koroğlu mənfi planda verilir. “Dastan variantlarından fərqli olaraq Koroğlunun “Çənlibel tülküsü” adlandırdığı Həmzə romanda hörmətli adamdır” [169 | səh. 79]. “Qarğa yuvası”nda poststrukturalizm yeni dekonstruktiv xarakter daşıyır.