Romanın təhlilini poststrukturalizm kontekstində də aparmaq mümkündür. “Yarımçıq əlyazma”da bütləşdirilən, tabulaşdırılan dəyərlər poststruktural, estetik mahiyyət kəsb edir. Bəs poststrukturalizm nədir? “Poststrukturalizm insan, dünya, eləcə də məna haqqında nəsə yaratmaq və yenidən yaradılan anlayışlar arasındakı əlaqələrə verilən addır” [388 | səh. 13]. Kamal Abdulla “Yarımçıq əlyazma” romanında yeni, alternativ baxış dünyası təqdim edir. Toxunulmaz, tabu mətn “Kitabi-Dədə Qorqud” eposu təzə kompozisiya libası geyinir. Poststrukturalizm ənənəni, klişeləri sorğuya çəkir.
Orta dövr Avropa ədəbiyyatı peripateizm və İncilə istinad edirdi. Dantenin “İlahi komediya”sı bu estetikaya təkan verdi. Maarifçilik və Renessans dövrünün ədəbiyyatı da eyni mənbələrdən qidalandı. Lakin Rable “Qarqantua və Pantaqruel” romanında ənənədən imtina etdi. Artıq Dekartın görüşlərində “zəka və intuisiya təbiətin irsi hissəsidir” [237 səh. 7]. Rable Dekart fəlsəfəsini, determinizmi ədəbiyyatda qabaqladı. Böyük Fransa inqilabı romantizmlə realizmin sürət və təkamülünə səbəb oldu. Avqust Komtenin pozitivist konsepsiyası mimesistik estetikanın, realizmin formalaşmasına təsir göstərdi. Giddensin modernizmə verdiyi tərif həm də incəsənət və ədəbiyyatın tematik semantikasına təsir göstərdi. “Modernizmin dörd əsas istiqaməti sənaye, kapitalizm, ictimai həyata nəzarət mexanizmi və istehlak səyinin artımıdır” [261 | səh. 14]. Kafkanın, Coysun, Broxun, Muzilin modernizmi həmin dörd əsas ictimai mexanizmin cəsəd və ruha, ət və qana bürünmüş ədəbi-estetik tendensiyalarıdır. Modernist, avanqardist nəsrdə səbəb və nəticəyə əsaslanan real səhnələr, eləcə də insanla Tanrı arasındakı rabitə qopmağa başlayır. Güc texnoloji kəşflər və sənaye inqilabı ilə əldə edilir. Maks Frişin “Gündəlik”ləri də modern ədəbiyyatın dəyişən atmosferindən xəbər verir: “Bütün bu olanlar və hiperhəqiqətlərin sarsılmasından sonra sanki ələ gələn, dəqiq zaman qavramı var imiş kimi davranmaq, səbəb-nəticəyə əsaslanan arxayınlıqla yazmaq mənasızdır” [253 | səh. 350]. Frişin bu fikirləri modernist, vanqard ədəbiyyat və poststrukturalizmi ehtiva edir. Artıq yeni estetika ehtimallara söykənir.

Strukturalistlərin ən maraqlı tətbiq sahələrindən biri dildir. Dilin və dillərin anlaşılması üçün Ferdinand de Sössürün rolu əvəzsizdir. O, dillərin strukturunu həmin dildəki sözlərin ifadə etdiyi mənaya görə təsnifləndirmişdi.
Sössür dilin strukturunu tarix və zamanla müəyyənləşdirmir. Dilin az dəyişkən olması təklifini irəli sürür: “Dildə ancaq qəti olmayan mexanizmlərin ayrılığı mövcuddur” [401 | səh. 13]. Əlbəttə, bu hal sözün semantikasında, ifadə çalarlılığında, mənasında əks olunur. “Məsələn, fransız dilində bir cümlə götürək: Toto sois sage”. Tərcüməsi belədir: “Toto yaxşı oğlandır”. Lakin “sage” sözünü “yaxşı vaxt” kimi işlədə bilmirik. Çünki “sage” sözü “ağıllı”, “kamallı” mənasında işlənir” [388 | səh. 17]. Ferdinand de Sössür dilin strukturunu şahmata bənzədir. Fiqurların taxta, yaxud sümükdən olması oyunun və şahmatın mahiyyətini dəyişməz.
Ədəbiyyatın ümumi mahiyyəti ciddi dəyişikliyə məruz qalmasa da, bəzi dövrlərdə struktur fərqləri ortaya çıxıb. “Yarımçıq əlyazma” romanı da estetik zərurət kimi yaranıb. Kamal Abdullanın poststruktural mətn modeli Jak Derridanın nəzəriyyəsinə yaxındır. Daha dəqiq desək, həmin konsepsiyanın mətndə tətbiqidir. Derrida strukturalizmi fəlsəfə və ədəbiyyatda dekonstruksiya anlayışına görə işləyib [236 | səh. 123]. Məlumdur ki, “Yarımçıq əlyazma” romanı “Dədə Qorqud” eposunun dekonstruksiyasıdır. Lakin bu köçürmə, yeni mətn yaratma mexaniki, texniki xarakter daşımır, polifonik mətn dünyası yaratmaq və sonsuz sayda to- lerant düşüncə sisteminə xidmət edir. Klod Levi-Ştrausun antropologiya, Rolan Bartın semiotika və ədəbi tənqid, Jak Lakanın psixoanalitikadakı strukturalist nəzəri-metodoloji görüşləri Azərbaycan ədəbiyyatında konseptual ədəbi ifadəsini “Yarımçıq əlyazma” romanında tapır. Postsrukturalizmi daha yaxşı anlamaq üçün onun tətbiq sahələrinə, imkanlarına nəzər salmaq zəruridir. XIX əsrdə romantizm və pozitivizmin müəyyən struktura malik olmasından sonra XX yüzillikdə digər dünyagörüş və cərəyanların, dil, mədəniyyət, fəlsəfə, elm sahələrinin strukturalizmi yarandı. Filosof Jerar Raule bu məsələlərə Mişel Fuko ilə söhbətlərində aydınlıq gətirdi. “Strukturalizm və poststrukturalizmi linqvistika, mifologiya kimi sahələrdə tətbiq edənlər üçün strukturalizmin nə olması daha aydın idi” [251 | səh. 10]. Rəssamlıq, musiqi, memarlıq, folklor, ədəbiyyat sahələrində dəqiq, konkret parametrlər yox idi. Ədəbiyyat və ədəbi tənqiddə poststrukturalizm Birinci Dünya müharibəsindən sonra modernizmlə başlayan xətt kimi formalaşdı. Mixail Baxtin “Sənət və məsuliyyət” kitabında ədəbiyyat sahəsində nəzəri-praktiki strukturları düzgün dərk etməməyi təəssüflə bildirir: “Sənətin mahiyyəti dedikdə sənətin metafizikasının ifadəsi başa düşülür” [212 | səh. 290]. Əslində, bu fikir birmənalı deyil. Çünki strukturalizmdə qəhrəmanların mənəvi vəziyyəti ilə yanaşı fiziki simmetriyası da əsasdır. Baxtin arxitektura sənətinə aid xüsusiyyətləri ədəbiyyata tətbiq edir. Artıq ədəbiyyat yalnız mənanın yox, həm də strukturun estetikasını sərgiləyir. Bu daha əvvəl struktur estetika- sının olmadığına dəlalət etmir. Sadəcə nəzəri-metodoloji olaraq təkmilləşir. Baxtin klassik yazıçılar və mətnləri, Rable, Dostoyevski poetikasını belə məna, quruluş estetikası cəhətdən tədqiq edir.
Azərbaycan ədəbiyyatında Kamal Abdullanın romanları struktur və ifadə estetikasının cəmindən doğuldu. “Yarımçıq əlyazma” romanı yeni ədəbi oyun strukturu qurdu və oxucu ilə ünsiyyətə girib onu da ədəbi oyunun tərkib hissəsinə əlavə etməyi bacardı. Mişel Fuko ədəbi oyun və priyomları ən vacib xüsusiyyət kimi dəyərləndirir. Çünki oxucu virtual mətn dünyasına inanmalı və ora daxil olmalıdır. “Yarımçıq əlyazma”nın poststruktural estetikası Mixail Baxtinin “Karnaval roman”, Lesli Fidle- rin “Xəndəkləri doldurun” tezisi ilə üst-üstə düşür. Kamal Abdulla “Yarımçıq əlyazma”da sonu bilinməyən struktur estetikası sərgiləyir. Fuko belə quruluşun tərifini verir: “Oyun ancaq sonda nə olacağını təsəvvürünüzə gətirə bilmədiyiniz vaxt dəyərli olur” [249 | səh. 7]. “Yarımçıq əlyazma” romanında Şah İsmayılın öz oxşarı ilə yer dəyişməsi, Dədə Qorqudun içində gizlətdiyi sirlər dəqiq işlənib. Hər iki xəttin sirri var. Bu həm süjetdə özünü göstərir, həm də məna baxımından dəyər ifadə edir. Kamal Abdulla hər gün yaşadığımız həyatda nə qədər gizli məqamlardan, sirlərdən xəbərsiz, nagüman olduğumuzu da estetik semantikanın mərkəzinə çəkir. “Postmodernist oyun estetikasında mətnləri şüurlu surətdə epik yaddaşla “uydurma yaddaş”ın qarşıdurmasını tələb edir və göründüyü kimi, yazıçı bu oyunu qura bilir; epik, tarixi mifologizmləri müxtəlif kontekslərdə demontaj vasitəsilə əlyazmanın və yaddaşın toxumasına artırır” [114 səh. 90]. “Yarımçıq əlyazma” çağdaş ədəbi-nəzəri fikirlərin mətndə bədii inikasına nail olur.
Rolan Bart Platonun “Kriton” əsərindən təsirlənərək yazdığı “Kritonun sahilində” məqaləsində yeni ədəbi qaydalar və qaydasızlıqlar, mətndə harmoniya və xaos anlayışlarını təhlil edir. Platon öz müəllimi, ustadı Sokrata həsr etdiyi “Kriton” əsərində edam cəzasına məhkum filosofun cəsarətini yazıya köçürür. Maraqlıdır ki, tələbələri Sokrata qaçmaq üçün kömək etsələr də, o getmir; qanunsuzluq və özbaşınalığı qınayır. Ölkədən qaçmaq qanunları heçə saymaq olardı. Platona görə, əsas məsələ öz əqidə və dünyagörüşünü müdafiə etməkdir. Qanunları saymamaq isə ölkədə xaos yaradar. “Qaydaya qarşı qaydadankənar yazı metodu, mücərrədə qarşı konkret, ümumiyə qarşı xüsusi, yenilənənə qarşı dəyişən məna və nəsnələr, ölümə qarşı həyat seçilir” [214 | səh. 13]. Bəs bütün ədəbi-nəzəri modellər Platonun əsəri əsasında qurulub? Bəli. Çünki Platon ilk sistemli, yazılı fəlsəfi mətnlərin banisidir. Dünya düşüncə tarixində mətn və yazı arasında praktiki əlaqə quran filosofdur. “Təcrübəli oxucuya duyğu çox dəyərlidir, amma hekayənin asanlıqla əlçatan komponenti deyil” [65 I səh.166].
Yekun kimi demək olar ki, Kamal Abdulla öz romanı ilə mifik, pоеtik və semiotik qatda polemikaya girir. Standart düşüncə və bədii təfəkkür yoxdur. “Kitabi-Dədə Qorqud” eposuna müraciət edən elmi-publisistik məqalələr, bədii əsərlər, filmlərdə gah müəllif əsərə tabe olur, gah da əsər müəllif arzu və istəyindən kənara çıxmır. Lakin “Yarımçıq əlyazma” bu cür homogen, avtoritar düşüncə sisteminə etik və estetik etirazdır. Kamal Abdulla “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsərində mətn-müəllif münasibətlərinə aydınlıq gətirməklə həm də öz yaradıcılığının və postmodern estetikanın epiqrafı ola biləcək fikirlər səsləndirir: “Mətn və müəllif münasibətlərini də, güman edirəm, geniş üslubi-poetik araşdırmalarda yeni rakursdan nəzərdən keçirməyin vaxtı çatıb. Mətn heç də müəllifin qulu, hara aparsan, ora getməli olan qolları bağlı əsiri deyilmiş” [3 | səh. 234]. Yəni mətnin poetik enerjisi o qədər geniş potensiala malik olmalıdır ki, müəllifin arzu və istəklərindən də böyük və çoxsəsli mətləbləri ifadə imkanları yaransın. “Yarımçıq əlyazma” romanı məhz bu səbəbdən mütləq həqiqəti inkar fəlsəfəsini əks etdirir. Alternativ yollar və amallar göstərir.
Türk postmodernist nəsrində Orxan Pamukun “Bəyaz qala”, Azərbaycanda Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı ilk nümunələrdən sayılır. Hər iki romanda keçmişə və tarixə ironiya var. Romanlar xüsusi əlyazmanın tapılması ilə başlayır. “Bəyaz qala”da əlyazmanı tapan şəxs onu müasir türk dilinə uyğunlaşdırır. “Yarımçıq əlyazma”da ondan fərqli olaraq orijinal, orta əsrlər və “Kitabi-Dədə Qorqud” dastanının leksikonuna uyğun dil materialı var. Əlyazmanı tapan tədqiqatçının ön sözləri və hadisələrin qırıldığı məqamlarda verdiyi şərhlər müasir Azərbaycan dilindədir. İntertekstuallıq, metatekstuallıq biri-birini izləyir və tamamlayır. Orxan Pamukda isə xoca və venesiyalı tacirin nitqləri bir-birinə qarışır. Pamukun əsərin sonundakı yazısı mətni izah edir. Bu baxımdan Orxan Pamuk və Kamal Abdulla nəsri öz ölkələrinin ədəbiyyatında yeni mərhələdir.