Evimin bir tərəfi
Yazdı, günəş çıxıbdı.
Bu birində şaxta, qış…
Qəribədir, deyilmi?
Bu, nağıllarda olur –
Qışın qış yeri vardır,
Yazın yaz yeri vardır,
Həyatda belə olmur.
Pəncərəmin birinə
Yağış döyür, qar yağır.
Günəş saçaq göndərir
O biri pəncərəmə.
Bu boyda ev qalıbdı
Qışla yaz arasında,
Elə bil yol azıbdı
Mövsümlərin içində.
Bu, nahaqdan deyildir,
Bunun bir çıxarı var.
Nəyisə xatırladır,
Nəyisə deyir mənə.
Yağış səsi güclənir,
Şiddət ilə döyünür,
Sanki ev də çırpınır
Eynən ürəyim kimi…
Şərh yoxdur