kollekvium son gunYanvarın 31-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və BSU-nun birgə təşkilatçılığı ilə keçirilən “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumunun bağlanış mərasimi olub.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, ikigünlük beynəlxalq kollokviumda müxtəlif ölkələrdən məşhur qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak ediblər.
Akademik K.Abdullayev Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi, oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un 1815-ci ildə alimi diplomatı və şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə çevrilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunan kollokviumun əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd edilib ki, Azərbaycanda Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə “Kitabi-Dədə Qorqud” dastanına həsr olunan yüksək səviyyədə beynəlxalq kollokviumun keçirilməsi Prezident İlham Əliyevin bu möhtəşəm sənət abidəmizə göstərdiyi diqqət və qayğının parlaq nümunəsidir.
K.Abdullayev nəzərə çatdırıb ki, kollokvium çərçivəsində aparılan müzakirələr nəticəsində iştirakçıların təklifləri nəzərə alınmaqla “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret fəaliyyət proqramı müəyyənləşdirilib. Həmçinin, 2015-ci ildə fəaliyyət proqramına uyğun olaraq dastanla bağlı müxtəlif qurumlarda və elmi müəssisələrdə, xarici ölkələrdə bir sıra tədbirlər keçiriləcək.
Akademik ölkəmizdə qorqudşünaslıqla, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı keçirilən tədbirdə ilk dəfə Azərbaycanda yaşayan dini və milli icmaların nümayəndələrinin də iştirak etdiklərini söyləyib.
Bağlanış mərasimində çıxış edən akademiklər İsa Həbibbəyli, Tofiq Hacıyev, türkiyəli professor Hayati Dəvəli tədbirin əhəmiyyətindən danışıb, kollokviumun nəticələrinin uğurlu olacağına əminliklərini bildiriblər. Natiqlər xalqlar və mədəniyyətlər arasında mənəvi körpü rolunu oynayan bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində Türkiyənin Yunus Əmrə İnstitutu ilə Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Protokolu Türkiyənin Yunus Əmrə İnstitutunun rəhbəri, professor Hayati Develi, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, BBMM-nin icraçı direktoru Azad Məmmədov və BSU-nun rektoru, professor Asif Hacıyev imzalayıblar.
Sənəddə gələcəkdə birgə elmi, mədəni sahələrdə müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Sonda kollokvium iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.