13 aprelBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Tərtər şəhərində “Ermənilərin Qarabağa köçürülməsi: tarix və faktlar Marağa-150” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Gənclər Mərkəzində keçirilən tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, Milli Elmlər Akademiyasının alimləri, Bakı Slavyan Universitetinin müəllim və tələbələri, Bakı Elitar Gimnaziyasının, Qəbələ rayonu Nic kənd tam orta məktəbinin məktəbliləri və rayon ziyalıları iştirak ediblər.

Konfransın açılışında çıxış edən Tətər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, tədbirin Tərtərdə keçirilməsinə görə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev çıxışında ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılmasından bəhs edib. Bildirib ki, konfransın “Marağa-150” abidəsinin yerləşdiyi Tərtərdə keçirilməsinin əhəmiyyəti böyükdür.

Prezident ilham Əliyevin Nazirlər Kabinetinin iclasında dediyi “Dağlıq Qarabağ ərazisində erməni toponimləri yoxdur” fikrinə diqqəti çəkən K.Abdullayev bildirib ki, biz alimlər bu siyasi hədəfi əsas götürərək elmi sözümüzü bu istiqamətdə deməli, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini sübut etməliyik.

Konfransda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş elmi işçisi professor Həcər Verdiyeva, AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva, Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Qarabağ Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı, professor Həvva Məmmədova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi abidələrin toplusu şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərb tarixi muzeyinin əməkdaşı, politoloq Ərəstun Baxşəliyev, Tərtər rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev və başqaları ermənilərin müxtəlif dövrlərdə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda məskunlaşmasından, “Böyük Ermənistan” yaratmaq ideyası ilə həyata keçirdikləri etnik təmizləmə siyasətindən, kütləvi qırğınlardan danışıblar. Bildirilib ki, müxtəlif vaxtlarda, eləcə də, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələnib.

Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri “Marağa – 150” abidəsidir. Tərtər rayonunun Şıxarx kəndi ərazisində yerləşən abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa – 150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.

Konfransın sonunda aparılan müzakirələrin kitab halında çap olunması və bir neçə dilə tərcümə edilərək yayılması, alimlərdən ibarət təşkilat komitəsinin yaradılması və bu mövzuda silsilə tədbirlərin keçirilməsi qərara alınıb.