Evimin bir tərəfi Yazdı, günəş çıxıbdı. Bu birində şaxta, qış… Qəribədir, deyilmi? Bu, nağıllarda olur — Qışın qış yeri vardır, Yazın yaz yeri vardır, Həyatda belə olmur. Pəncərəmin birinə Yağış döyür, qar yağır. Günəş saçaq göndərir O biri pəncərəmə. Bu boyda ev qalıbdı Qışla yaz arasında, Elə bil yol azıbdı Mövsümlərin içində.
Troya qalasının altında ölən əsgər Gözlərini yumaraq dinləyirdi içini. Ölümü belə yaxın heç vaxt görməmişdi o, Ölüm belə yaxından görməmişdi heç onu. Uzaqlarda əriyib soyuq günəş batırdı, Dənizin sularına qərq olurdu əbədi. Bu göy dəniz heç belə sükuta dalmamışdı, Bu göylər də bu qədər gəlməmişdi yaxına.
Uzaq ulduzlardan süzülən işıq sənin işığın… uca ucalıqlar məskənin sənin, Allahım, sən mənim Ürəyimdəsən !.. Həyat ətirlisən, həyat nəfəsli, Soyuq əsrlərin qaranlığında Sən elə sən idin elə o vaxtdan, Allahım, sən mənim Ürəyimdəsən !.. Nəfəsin var etdi varlığı yoxdan — məni yaratdın. Hardasan axtarır bütün beyinlər, Allahım, sən mənim Ürəyimdəsən !..
Dünyanın sonuncu adamı qalıb şəhərlərlə, qalıb kəndlərlə, qalıb dənizlərlə, dağlarla, düzlərlə Üz-üzə! Elə bil təkbətək döyüşə girəcək Hər iki tərəf. Bu boyda dünyanın sonuna çatan, Bu boyda yuxuya zəhər qatan Dünya qopub gedir, yatan, yatan Heç nə başa düşmür və heç nə də xatırlamır.
Az qalırdı yer də, göy də dağıla, Soyuq günəş yavaş-yavaş batırdı. Okeanda nəhəng-nəhəng dalğalar O sahili bu sahilə qatırdı. Tufan sanki son dəfə kam alırdı, Bu dalğalar bizi qırıb-çatdılar. Göylər matəm nəğməsini çalırdı, Səni həmin okeana atdılar. Sular səni aparanda dərinə Əlin nəyə çatırdısa, əl atdın.
Bu nə işdi, mən deyəsən yoruldum, Mənə deyən gərək idi bu nəydi. Bir azcana kövrəkləşdim, duruldum, Mən nə oldum – biri mənə deyəydi. Bir azcana kövrəkləşdim, duruldum Görən gördü nəyim yoxdu, nəyim var. İnsanlara mən təzədən vuruldum, Məni bir az çox istəyər insanlar.